Oktyabrın 22-də “Mingəçevir reqatası-2022”nin ikinci yarış gününə start verilib. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) təşkilatçılığı ilə keçirilən yarışların ikinci günündə idmançılar 500, 1000 və 1500 metr məsafəyə fərd və cütlüklər arasında kayak və kanoe yarışlarında güclərini sınayacaqlar. Bu gün eyni zamanda akademik avarçəkmə üzrə yarışlara da start veriləcək.
Qeyd edək ki, açılış mərasiminə ötən gün Suqovuşanda start verilən reqatada Türkiyə, Bolqarıstan, İtaliya, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Özbəkistan və Ukraynadan 150-dək idmançı medallar uğrunda mübarizə aparır. Ölkəmizi yarışda 70-ə yaxın idmançı təmsil edir.
Xatırladaq ki, Suqovuşanda keçirilən turnirin ilk günündə Azərbaycan avarçəkənləri 4 qızıl, 6 gümüş və 4 bürünc medala sahib olublar.
“Mingəçevir reqatası-2022”yə sabah yekun vurulacaq.