“Yarış heç də asan olmadı. İştirakçılar arasında sona qədər gərgin mübarizə davam etdi”.
Bu sözləri “Mingəçevir reqatası-2022”nin kayak yarışlarının azərbaycanlı qalibi Rüfət Dadaşov “Olimpiya dünyası” qəzetinə qələbə təəssüratlarını bölüşərkən deyib.
O, ötən il olduğu kimi, bu il də yarışları 3 medalla başa vurduğunu bildirib.
“Yarışda iki qızıl və bir bürünc medala sahib oldum. Qızıl medalları komanda yoldaşım Riyad İsmayılzadə ilə birgə ikinəfərlik qayıqda 200 və 500 metrlik məsafə üzrə yarışlarda əldə etdim. 500 metrlik məsafə üzrə birnəfərlik qayıqla isə üçüncü yeri tutdum. Bu mübarizədə Ukrayna və Gürcüstan idmançılarından geri qaldım. Bundan əvvəl də bu ənənəvi yarışda iştirak etmişəm. Həmin turnirdə 3 qızıl medal əldə etmişdim. Ümumilikdə isə bu idman növü üzrə 11 medala sahib olmuşam”, - deyə R.Dadaşov qeyd edib.
Azər Əlizadə