Pedaqoqika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin Qarabağ müharibəsində İdman Akademiyasının şəhidlərinə həsr olunmuş yeni kitabı çapdan çıxıb.
Dilqəm Quliyevin bu mövzuda kitab yazmaqda əsas məqsədi Qarabağın folkoru, xalq oyunları, respublika, beynəlxalq, dünya və Avropa çempionatlarında iştirak etmiş məşhur idmançıların fəaliyyətini təhlil etmək, habelə, Qarabağda Olimpiya və qeyri-Olimpiya idman növlərinin inkişafı üçün səyləri bundan sonra da artırmaq və kütləviliyi təmin etməkdir.
Kitabda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sovet dövründə istər respublikamıza rəhbərlik edərkən, istərsə də Moskvada çalışarkən Qarabağın inkişafına göstərdiyi diqqət və qayğıdan, 44 günlük müharibədə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə qüdrətli Azərbaycan Ordusunun tarixi qələbəsindən bəhs edilib. Müəllif kitabda həmçinin, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən diplomatiyasından, birinci və ikinci Qarabağ müharibəsində erməni qəsbkarlarının torpaqlarımızda törətdikləri vəhşiliklərdən, respublikamızın suverenliyi və ərazi bütövlüyünün qorunmasında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbə və məzunlarının qəhrəmanlıqlarından da bəhs edib. Kitabda şəxsi igidlik və şücaətlər göstərərək I və II Qarabağ müharibəsində şəhid olmuş 48 igid haqqında xatirələr toplanıb, onların əbədiyyət mənzilində ruhi rahatlıq tapmasını diləyən əzizlərinin xatirələri qələmə alınıb.
Kitab Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Olimpiya Komitəsinin əməkdaşları, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının professor-müəllim heyəti, doktorantlar, magistrlər, ali və orta məktəb müəllimlərı, tələbə, və şagirdlər, bədən tərbiyəsi və idman sahəsində çalışan mütəxəssislər, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Təhsildən səngərə, səngərdən əbədiyyətə