İki fəslin mübarizəsindən qalib ayrılan olimpiyaçılar

İki fəslin mübarizəsindən qalib ayrılan olimpiyaçılar

Yarış meydanına çıxan hər bir idmançı oradan qalib ayrılmaq və ölkəsinin himnini səsləndirmək arzusundadır. Olimpiya Oyunlarında qalib olmaq isə tamam fərqli bir duyğudur. Tarix ərzində Həm Qış, həm də Yay Olimpiya Oyunlarında mübarizə aparmaq istəyən idmançılar dörd il ərzində çalışıb, yüksək nəticə toplayaraq bu mötəbər idman yarışında ölkələrinin idman şərəfini qoruyurlar. Tarixdə həm Qış, həm də Yay Olimpiya Oyunlarında mübarizə aparmaq gücünə malik olan idmançılar da az deyil. Əgər Olimpiya tarixinə nəzər salsaq görərik ki, bu günə qədər 130 idmançı hər iki olimpiadada mübarizə aparıb. Onlardan cəmi beş nəfəri bu oyunlarda fərqlənərək mükafatçılar sırasında yer almağı bacarıb.

Bu idmançıların uğur hekayələrini oxuyanda isə insan anlayır ki, həyatda hər şey mümkündür. Sadəcə, böyük əzm, ruh yüksəkliyi və motivasiya Olimpiya Oyunlarında inanılmaz nəticə qazanmağa yetər.

Hər zaman səhifələrində Olimpiya Hərəkatına və olimpizmə yer ayıran "Olimpiya dünyası" qəzeti bu dəfə oxucularını həm Qış, həm də Yay Olimpiya Oyunlarında fərqlənən idmançılarla tanış edəcək.

 

Rinqdən buz meydanına qədər uzanan çempionluq estafeti

 

Eddi İqan

(boks və bobsley)

1932-ci ildə Leyk-Plesiddə keçirilən III Qış Olimpiya Oyunlarına üç həftə qalmış amerikalı idamançı Eddi İqana köhnə dostu zəng etdi. Bu dost həmin ölkənin Milli Olimpiya Komitəsindən Co Brayen idi. O, Eddiyə bobsley üzrə komandanın tərkibində bir idmançının çatmadığını deyərək, onu komandaya dəvət etdi. Eddi İqan dostunun bu təklifini müsbət qarşıladı. Beləliklə, amerikalı dördlük Leyk-Plesiddən Olimpiya Oyunlarının qalibi kimi ayrıldı.

Qeyd edək ki, E.İqan 12 il əvvəl yəni 1920-ci ildə Antverpendə təşkil olunan VII Olimpiadada boks yarışları üzrə çempion olmuşdu. Bununla da, Eddi İqan həm Qış, həm də Yay Olimpiya Oyunlarının yeganə qalibi kimi idman tarixinə düşdü.

 

Qışda xizək, yayda yelkən

 

Yakob Tullin Tams

(tramplindən tullanma və yelkən idmanı)

Norveçli Yakob Tullin Tams 1920-ci illərdə ən yaxşı tramplindən tullanan idmançılardan biri idi. Onun ölkəsində daha çox ikinövçülük xizəyi məşhur olsa da, Tams bu növdə uğur qazana bilmədi. Məşhurluq isə T.Tamsı 1924-cü ildə tapdı. Belə ki, o, Şamonidə (Fransa) təşkil olunan I Qış Olimpiya Oyunlarında tramplindən tullanma üzrə çempion oldu. Daha sonra 1936-cı ildə Almaniyanın paytaxtı Berlində keçirilən XI Yay Olimpiya Oyunlarında Yakob Tams Norveçin tərkibində yelkənli idman növü üzrə gümüş medala yiyələndi.

 

Konkisürmə və velosipedin vəhdəti

 

Krista Ludinq-Rotenburq 

(konkisürmə və velosiped)

Almaniyalı idmançı Krista Ludinq-Rotenburq Olimpiya Oyunları tarixində inanılmaz nailiyyət qazanan idmançılardandır desək yanılmarıq. Belə ki, idmançı bir ildə həm Yay, həm də Qış Olimpiya Oyunlarında mükafatlara sahib çıxdı. Kristanın Olimpiya yolu 1984-cü ildə Sarayevoda (Yuqoslaviya) keçirilən Qış Olimpiadasından başlayır. Həmin il konkisürən 500 metr məsafəyə qaçış üzrə Olimpiya Oyunlarının qızıl medalına layiq görüldü. Dörd il sonra isə Kalqaridə (Kanada) keçirilən olimpiadada almaniyalı idmançı 1000 metrlik məsafədə oyunların ikincisi oldu. Elə həmin il, yəni 1988-ci ildə Seulda təşkil olunan XXIV Yay Olimpiya Oyunlarında K.Rotenburq velosiped idmanı üzrə gümüş medala layiq görüldü.

 

 

Hər iki Olimpiadada fenomenal nəticə

 

Klara Hüz

(konkisürmə və velosiped)

Klara Hüzun idman karyerası həmyerlisi Qaetana Buşe sayəsində başlayıb desək, yanılmarıq. Belə ki, yeniyetmə olarkən Klara Q.Buşenin Kalqaridə keçirilən Olimpiya Oyunlarındakı çıxışını izlədikdən sonra həm konkisürmə, həm də velosiped idman növləri ilə məşğul olmaq qərarına gəldi. Bəziləri üçün təəccüblü olsa da K.Hüz həqiqətən də istedadlı idmançıya çevrildi. Belə ki, o, artıq 1996-cı ildə Atlantada təşkil olunan yay olimpiadasında şosse yarşları üzrə bürünc medala yiyələndi. 2002-ci ildə Turində (İtaliya) keçirilən Qış Olimpiya Oyunlarında isə idmançı konkisürmə yarışları üzrə fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Oyunların komanda hesabında isə Klara gümüş medala layiq görüldü. Uğurlu idman karyerasına davam edən K.Hüz 2010-cu ildə Vankuverdə (Kanada) keçirilən olimpiadada bürünc medal qazandı. Ümumilikdə, Klara Hüzun hesabında Qış və Yay Olimpiya Oyunlarının 6 medalı var. Bu isə sözün əsl mənasında fenomenal nəticədir.

 

Çempiona məxsus möhtəşəm sprinter keyfiyyətləri

 

Lorin Uilyams

(atletika və bobsley)

Amerikalı Lorin Uilyams 2000-ci illərin məşhur sprinterçisi idi. İdmançı atletikanın kraliçası olmaq uğrunda Merion Consla mübarizə aparırdı. Peşəkar atlet 2004-cü ildə Yunanıstanın paytaxtı Afinada keçirilən XXVIII Yay Olimpiya Oyunlarında atletikanın yüz metrlik məsafə üzrə qaçış yarışlarında gümüş medal qazandı. L.Uilyams 2012-ci ildə Londonda təşkil olunan yay olimpiadasında isə 4x100 estafetini üçüncü pillədə başa vurdu. İstedadlı bobsleyçi Qış Olimpiya Oyunlarında da yüksək nəticələr əldə etdi. Belə ki, 2014-cü ildə Soçidə təşkil olunan Oyunlarda Lorin Uilyams bobsley yarışları üzrə gümüş medala sahib çıxdı. Möhtəşəm sprinter keyfiyyətləri ona qış olimpiadasında çox kömək oldu.

 

 

Türkay Niftəliyeva