Çempionlar Liqası: "Tottenhem" və "Ayntraxt" 1/8 finala vəsiqə qazandı 

Çempionlar Liqası: "Tottenhem" və "Ayntraxt" 1/8 finala vəsiqə qazandı 

UEFA Çempionlar Liqasında qrup mərhələsinin sonuncu turunun oyunlarına start verilib. İlk oyun günündə A, B, C və D qruplarında 8  qarşılaşma təşkil olunub. Qrup mərhələsinin bununla da 1/8 finala yüksələn daha 2 komandanın adına aydınlıq gəlib.
A qrupunda İngiltərənin “Liverpul" klubu doğma meydanda İtaliyanın "Napoli" komandasına qalib gəlib -2:0. Qrupun digər oyununda isə "Reyncers" (Şotlandiya) və "Ayaks" (Niderland)komandaları üz-üzə gəlib. Görüş qonaqların qələbəsi ilə başa çatıb -1:3. Bu nəticələrdən sonra “Napoli” və “Liverpul” müvafiq olaraq ilk iki yeri tutaraq 1/8 finala vəsiqə qazanıb. Qrup üçüncüsü olan “Ayaks” isə mübarizəni Avropa Liqasında davam etdirəcək. 
C qrupunda gecənin ən maraqlı oyunu Almaniyada baş tutub. Bundestim təmsilçisi "Bavariya" doğma meydanda "İnter"ə  (İtaliya) 2:0 hesabı ilə qalib gəlib. Qrupun digər oyununda isə “Viktorya” (Plzen, Çexiya) klubu öz meydanında İspaniyanın “Barselona” klubunu qəbul edib. Hər iki komanda üçün formal xarakter daşıyan oyunda kataloniyalılar qələbəyə sevinən tərəf olublar -2:4. Beləliklə, bu nəticələrdən sonra bütün görüşləri qələbə ilə başa vuran “Bavariya” qrup lideri kimi, “İnter” isə ikinci yerin sahibi kimi 1/8 final mərhələsinə adlayıb. “Barselona” isə ardıcıl ikinci mövsümdür ki, qrup mərhələsini keçə bilməyib. Kataloniya klubu mübarizəni Avropa Liqasında davam etdirəcək.    
D qrupunda Fransada "Marsel"ə 2:1 hesabı ilə qalib gələn İngiltərənin "Tottenhem" klubu 1-ci, Portuqaliyada "Sportinq"i eyni hesabla məğlub edən Almaniyanın "Ayntraxt" komandası isə 2-ci yerin sahibi kimi adını növbəti mərhələyə yazdırıb. “Sportinq” isə qrupda üçüncü yeri tutub. 
Xatırladaq ki, B qrupunda sonuncu turun oyunları daha erkən təşkil olunmuşdu. Bu qrupun oyunlarında “Portu” (Portuqaliya) “Atletiko”ya (İspaniya) 2:1 hesabı ilə qalib gəlib. Almaniya təmsilçisi “Bayer” isə Belçiknın “Brügge” klubu ilə doğma meydanda heç-heçə edib -0:0. Bu nəticələrdən sonra “Portu” qrup lideri kimi, “Brugge” isə ikinci yerin sahibi kimi növbəti mərhələyə yüksəlib. “Bayer” üçüncü, yeri tutaraq Avropa Liqasına vəsiqə qazanıb. Madrid “Atletiko”su isə Çempionlar Liqası ilə vidalaşdı. 
Qeyd edək ki, daha əvvəl İtaliyanın "Napoli" və "İnter", İngiltərənin "Liverpul", "Mançester Siti" və "Çelsi", Almaniyanın "Bavariya" və "Borussiya" (Dortmund), İspaniyanın "Real Madrid", Fransanın PSJ, Belçikanın "Brügge", Portuqaliyanın "Benfika" və "Portu" komandaları pley-offa vəsiqə qazanıblar.