Velosipedçilər qərb bölgəsində yarışıblar

Velosipedçilər qərb bölgəsində yarışıblar


Oktyabrın 19-da Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə ölkənin qərb bölgəsində velosiped idman növü üzrə ölkə birinciliyi keçirilib.
Yarışların açılış mərasimində çıxış edən AVİF-nin baş katibi Fərhad Əliyev Şəmkir, Tovuz və Gədəbəy rayonlarında keçirilən çoxgünlük Azərbaycan çempionatında 72 nəfər velosipedçinin iştirak etdiyini bildirib. O, Gürcüstan milli komandasının üzvlərinin yarışda qonaq qismində iştirak etdiyini vurğulayaraq, gələcəkdə də digər ölkələrdən iştirakçıların dəvət olunacaqlarını qeyd edib.
Yarışların keçirilməsi üçün bölgələrimizdə lazımi infrastrukturun olduğunu deyən Fərhad Əliyev regionlarda da velosiped idmanını inkişaf etdirməyin əsas məqsədlərdən biri olduğunu diqqətə çatdırıb. Baş katib çempionatın bölgədə ilk dəfə təşkil edildiyini, həmçinin bu yarışda qızların da iştirak etdiklərini bildirib.
Daha sonra yarışlara start verilib. Şəmkir şəhərindəki Heydər Əliyev prospektindən start götürən qrup yarışında ilk olaraq oğlanlardan ibarət elit və U-23 kateqoriyasından olan velosipedçilər mübarizəyə başlayıblar. Onlar şəhər daxilində uzunluğu beş kilometr olan yolda 12 dəfə dövrə vurmaqla, ümumilikdə 60 kilometr məsafə qət ediblər. Gərgin mübarizə şəraitində keçən yarışda Nicat Niftəliyev birinci yerə layiq görülüb. Elgün Əlizadə və Ayxan İltifatlı isə, müvafiq olaraq, ikinci və üçüncü yerləri tutublar.
Daha sonra oğlanların və qızların (U-17, U-15) yarışları keçirilib. Bu komandalar uzunluğu 5 kilometr olan dairəni dörd dəfə dövr edərək 20 kilometr yol qət ediblər. Bütün rəqiblərini qabaqlayan Kənan Qəhrəmanlı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nicat Qarayev ikinci, Tərlan Məmmədov isə üçüncü yerlə kifayətləniblər.
Oktyabrın 21-də çempionatın üçüncü mərhələsi keçirilib. Bu mərhələdə idmançılar fərdi yarışlarda bacarıqlarını nümayiş etdirərək Tovuz-Qovlar marşrutu üzrə 25 km məsafədə yarışıblar. Bu mərhələdə Elit və U-23 kateqoriyasında Elgün Əlizadə birinci, Nicat Niftəliyev ikinci, Ayxan İltifatlı üçüncü yeri tutub. U-17, U-15 yaş qrupları və qızların yarışında isə velosipedçilər 10 kilometr məsafəni qət ediblər. Bu mərhələdə oğlanlar arasında Kənan Qəhrəmanlı birinci, Bakir Dadaşov ikinci, Tərlan Məmmədov isə üçüncü yerləri tutublar. Qızlar arasında mərhələnin qalibi Şəlalə Cəfərli olub.
Qaliblər medal və fəxri fərmanlarla təltif olunublar.