Cüdo üzrə Sumqayıt şəhər çempionatı keçirilib

Cüdo üzrə Sumqayıt şəhər çempionatı keçirilib


Oktyabrın 18-də M.Hüseynzadə adına şəhər stadionunda "18 Oktyabr - Müstəqillik günü”nə həsr edilmiş cüdo üzrə kişi və qadınlar arasında şəhər çempionatı keçirilib. Yarışın açılış mərasimini giriş sözü ilə açan Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov tədbir iştirakçılarını salamlayıb və "Müstəqillik günü” münasibətilə təbrik edib.

M.Həsənov idmançılarımızın ən mötəbər idman yarışlarında, Olimpiya və Paralimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil etdiklərini deyib. O, bu uğurların idmana göstərilən dövlət qayğısı sayəsində əldə edildiyini bildirib.
Dövlət himni səsləndirildikdən sonra yarışa start verilib.
Yarışda şəhərin idman məktəbləri, cəmiyyət və klublarından 100-ə yaxın idmançı qalib adı uğrunda mübarizə aparıb.
İlk yarış günü tatamiyə 60, 66 kq çəki dərəcəsində kişilər və 48, 52, 57, 63, 70 kq çəki dərəcələrində isə xanım idmançılar çıxıblar.
Oktyabrın 19-da isə yarışa çəkisi 73, 81, 90, 100 və +100 kq olan kişi idmançılar qoşulublar. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışın yekununda qaliblər müəyyənləşib.
Yarışın qalib və mükafatçıları Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Fəxri Fərmanı və hədiyyələri ilə mükafatlandırılıblar.