Ulduzu parlamadan sönən qəmli baxışlı qız

Ulduzu parlamadan sönən qəmli baxışlı qız

Hər bir insanın həyatda bir məqsədi var. O məqsədə çatmaq üçün isə təbii ki, bütün gücünü ortaya qoyub, çalışmaq lazımdır. Bu amil peşəkar idmançılar üçün isə ikiqat vacibdir. Mötəbər yarışlarda fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq, xalqın sevimlisinə çevrilmək hər bir idmançının arzusudur. Bu arzuya çatmaq üçün isə onlar gecə-gündüz məşq edir və daha yüksək nəticələr qazanırlar. Bəzən isə dayanmadan məşq etmək, məşqçinin tapşırıqlarını sorğu-sualsız yerinə yetirmək yüksək nəticə qazanmaq əvəzinə böyük faciə ilə nəticələnir.
“Olimpiya dünyası” qəzeti bu sayında karyerasını ən parlaq məqamında yarıda qoyan SSRİ əməkdar idman xadimi, şərəf ordeni sahibi, üçqat dünya, dördqat Avropa çempionu və ikiqat Dünya kubokunun qalibi olmuş gimnast Yelena Muxina barədə yazını oxucularına təqdim edir.
 
 
Cəmi iki ilə 
olimpidaya 
hazırlaşan qızcığaz

 


Yelena Muxina lap kiçik yaşından gimnast olmağı arzulayırdı. Buna görə də, məktəbdə gimnastika bölməsinə qəbul edildikdə, sevincinin həddi-hüdudu yox idi. Qızcığaz ilk günlərdən idmana olan həvəsi, inanılmaz və çətin görünən elementləri mükəmməl yerinə yetirməklə məşqçilərin ürəyini fəth etmişdi. Məşqçi Mixail Klimenko da şagirdinin məhz bu bacarığına görə ona xüsusi diqqət göstərirdi. Məşqçilər Yelenanı “sakit qızcığaz” adlandırırdılar. Onların fikrincə, Y.Muxina idmanda vacib amil sayılan “qələbə hirsi”ni lazımi vaxtda göstərə bilmirdi. Lakin M.Klimenko əsas diqqətini Yelenanın dayanmadan çalışmasına və ən çətin elementlərin belə xüsusi məharətlə öhdəsindən gəlməsinə yönəlməsini tələb edirdi. Elə həmin vaxtdan mütəxəssislər qəmli baxışları ilə seçilən utancaq qızcığazın proqramını “kosmik” adlandırırdılar. Yelenaya 14 yaşından məşqçilik edən hərbçi Mixail Klimenko isə idmançını digərlərindən fərqləndirirdi. Beləliklə, Mixail Klimenko cəmi iki ilə Olimpiya Oyunlarında mübarizə aparmağa hazır olan 16 yaşlı yüksək səviyyəli bir idmançı yetişdirdi. Y.Muxinanın “kosmik” proqramına baxmayaraq, yığmanın rəhbərləri məktəbli qızı 1976-cı ildə Monrealda təşkil olunan Yay Olimpiya Oyunlarına aparmaqdan imtina etdilər. Buna səbəb isə Olimpiya Oyunlarına bir il qalmış Yelenanın yer aldığı yarışda onurğasından ciddi zədə alması ilə əlaqədar idi. Bu hadisədən sonra ölkənin idman rəhbərliyi idmançını qeyri-stabil gimnast kimi qələmə verdi. Nənəsinin himayəsi altında böyüyən Yelena  məşqçisinə tərəddüdsüz tabe olurdu. Lakin heç kim bilmirdi ki, dəhşətli ağır məşqlərlə demək olar ki, işgəncəyə məruz qalan  qız əslində, karyerasını bitirməyi düşünür. Hətta Yelena həmin vaxtlar dəfələrlə məşqdən qayıdanda özünü yoldan keçən avtomobilin altına atmaq istəyirdi. O, hətta həkimlər məşq etməyə icazə vermədiyi vaxtda belə onlara məhəl qoymayan M.Klimenkonun tapşırıqlarını yerinə yetirirdi. Məsələn, SSRİ kubokunda gimnast ciddi şəkildə ayağından zədə almışdı. Məşqçi həkimə Yelenanı yarışdan uzaqlaşdıracağına söz versə də, növbəti gün onu axsayaraq meydana çıxarmışdı. Qələbə qazanmaq əzmi ilə alışıb-yanan məşqçiyə idmançının səhhəti bir an belə olsun maraqlı deyildi. 1975-ci ildə isə SSRİ Xalqları Spartakiadasında Y.Muxina yanlış eniş zamanı ciddi şəkildə onurğasını zədələmişdi. İnsan belə halda boynunu belə çevirə bilmədiyi halda M.Klimenko hər gün Yelenanı idman zalına aparıb, orada ortopedik boyunbağı olmadan məşq etdirməyə məcbur edirdi.
  


O, axşamlar ağrıdan əzab çəksə də, bədəninin

keyiyəcəyini deməyə belə qorxurdu
 


Çalışqan qızcığaz sınmış qabırğalar, beyin silkələnməsi, çıxmış və əzilmiş barmaqlara məhəl qoymurdu. Yelena dözülməz ağrılardan huşunu itirməmək üçün hər dəfə gizlicə naşatır spirti iyləyib, məşq etməyə davam edirdi. Bütün çətinliklərə baxmayaraq, idmançı qələbə qazanmaq məcburiyyətində idi. Belə ki, ölkəyə həmin vaxt medal lazım idi. Məğlubiyyət üçün məşqçilər ciddi şəkildə cəzalandırılırdılar.
 Yelena Muxina 1977-ci ildə Praqada keçirilən dünya birinciliyi zamanı böyük məşhurluq qazandı. O, yarışda şəxsi hesabda əfsanəvi Nadya Komaneciyə məğlub oldu. Yelena üç qızıl medal qazanaraq, nümayiş etdirdiyi yüksək texnikası ilə hakim və azarkeşləri özünə heyran etmişdi. Çexiyada gələcəkdə onun adı ilə adlanacaq unikal elementi nümayiş etdirdi. Onun bu yarışda nümayiş etdirdiyi kombinasiyalar müasir dövrümüzdə qadağan edilib.
Yelena 1978-ci ildə Fransanın Starsburqda keçirilən dünya çempionatında iştirak etdi. Onun hədsiz çətin proqramı özünü bu yarışda da doğrultdu və o, 18 yaşında mütləq dünya çempionu adını qazandı. Bundan əlavə idmançı komanda hesabında da dünya çempionatının qızıl medalına yiyələndi. Həmçinin qızcığaz əlavə yarışlarda da medal kolleksiyasını zənginləşdirdi. Moskvada Yelenanı və məşqçisi Mixail Klimenkonu milli qəhrəman kimi qarşıladılar. Hər kəs 18 yaşlı qızın uğurundan danışırdı.
Heç bir məşqçi və idman rəhbəri xalqın sevimlisinə çevrilən çempionu əldən vermək istəmirdi. Yelena 1979-cu ildə İngiltərədə nümayiş xarakterli oyunda ayağını sındırdı. Bu zədəyə görə gimnast məşqlərdən bir müddət uzaqlaşa bilərdi. Lakin M.Klimenko bu dəfə də ona mane oldu. İdmançının ayağının bir ay gipsdə qalmasına baxmayaraq, onun sümüklərinin birləşmədiyi məlum oldu. Həkimlər Yelenanın ayağına yenidən gips qoyduqdan bir gün sonra o, yenidən tam sürətlə məşqlərə başladı. Gimnast zədəsinə heç bir məhəl qoymayaraq bütün elementləri məşq edir, eniş zamanı isə məcburiyətdən bir ayağı üstünə düşürdü. Sovet hərbçisi və bütün yollara əl ataraq qələbə qazanmaq niyyətində olan məşqçi Mixail Klimenko isə öz taleyinin Yelenanın əlində olduğunu bilirdi. Belə ki, Yelena Muxina həmin vaxt Olimpiya Oyunlarına vəsiqə qazana biləcək SSKA-dan olan yeganə gimnast idi. Rusiya millisi isə qızıl medal qazanmağa ən real namizəd hesab olunurdu. Minskdə keçirilən son təlim-məşq toplanışına Yelena müxtəlif dərəcəli zədələr ilə yollanmışdı. Məşqçi yetirməsinin komandaya daxil edilməsini tələb etmək üçün Moskvaya yola düşəndə Y.Muxina ayağındakı zədəyə əhəmiyyət vermədən 540 dərəcəli dəhşət doğuran çətin saltonu sığortasız yerinə yetirməyə qərar verdi. Lakin bədbəxtlikdən Yelena zalda olan bütün tamaşaçıların gözü önündə zərblə başı üstə yerə dəydi. Daha sonra məşqçilər idmançının yerə dəyməsini onun sınmış ayaqla lazımı dərəcədə təkan verə bilmədiyini dedilər.
 
 
Xəstəxanaya 
yerləşdirildikdən 
sonra ona ən qorxulu
diaqnoz qoyuldu


 
Ciddi zədənin olmasına baxmayaraq, Yelena yalnız üç gün sonra əməliyyat olundu. Deyilənə görə, bunun səbəbi hərbi hospitalda işləyən cərrahların həmin vaxt məzuniyyətdə olması idi. Məşhur professor Arkadi Livşiç Yelenanın xilas etmək üçünMinskə getsə də, gimnastın sərbəst hərəkət etməsinə kömək ola bilmədi. Əslində, idmançının sağ qalması bir möcüzə idi.
Minskə sağlam şəkildə gedən Yelena oradan iki həftə sonra hərəkətsiz halda gətirildi. Gimnastı Belarus vağzalında qatarın pəncərəsindən çıxardılar. Lakin Yelena bir daha ayağa qalxa bilməyəcəyini eşidəndə, həyat ilə üz-üzə dayandı. O, bütün gücünü toplayıb bundan sonra onu gözləyən çətin, ağrılı, əzablı həyatı ilə mübarizə aparmağa başladı. Gimnast ayağa qalxmaq üçün ardı-arası kəsilməyən əməliyyatlar keçirdi. Lakin bunun heç bir nəticəsi olmadı. Əksinə, həkimlər hər dəfə Yelenanı əməliyyat sonrası komadan böyük çətinliklə  oyadırdılar. Bunun əsas səbəbi isə qızcığazın orqanizminin həddindən artıq zəifləməsi idi.
Növbəti nəticəsiz əməliyyatdan sonra Yelena xəstəxanadan ayrılmağa qərar verdi. Amma o, yenə də sağalmaq ümidini itirmirdi və professor Valentin Dikulyanın onurğa sümüyünün zədələnməsi təqdirdə müəyyən etdiyi reabilitasiya kompleksini sınayırdı. Amma təəssüf ki, bir aydan sonra Y.Muxina məşqləri dayandırmaq məcburiyyətində qaldı. Bunun əsas səbəbi isə böyrəklərinin imtina etməsi idi.
Beləliklə, onun tam sağalmaq ümidləri puç oldu. Amma çempion həyata baxışını köklü şəkildə dəyişdi. O, özünə yazığı gəlməyə, başqalarına qibtə etməyə son qoydu və əlində olan imkanlardan maksimum dərəcədə istifadə etməyə başladı. Yelena gündəlik ev şəraitində etdiyi məşqləri davam etdirdiyi üçün bir neçə il sonra bir az hərəkət etməyə nail oldu. O, hətta yazı yazmağı belə yenidən mənimsədi. Bir müddət sonra Moskva İdman İnstitutuna qəbul olan gimnast qələm tuta bilməsi sayəsində rahat şəkildə təhsilinə davam etdi. Belə ki, idmançının yanına müəllimləri gəlir, mühazirə aparır, imtahan edirdilər. Beləliklə, Yelena Muxina ali təhsil diplomunu aldı. 1982-ci ildə BOK-un prezidenti Xuan Antonio Samaranç şəxsən Yelena Muxinanın evinə gələrək, ona Olimpiya ordenini təqdim etdi.
SSRİ İdman Komitəsinin rəhbərləri isə həyatını idman üçün qurban verən Yelenaya bir dəfə kömək etdilər və sonradan onu unutdular. Yelena Muxinaya prezident təqaüdü təyin olunana qədər yalnız əlillik üzrə və 2005-ci ilə qədər nənəsinin təqaüdünü alırdı. Həmin vaxt artıq alkoqoldan əziyyət çəkən ata isə qızının yanına yalnız pul götürməyə gəlirdi.
Təbii ki, Yelena Muxinanın bədbəxt taleyində heç kim günahkarı axtarmadı və bir gənc qızı həyatının sonuna qədər yataq xəstəsi etdiyi üçün heç kim cəzalanmadı. Gimnastika aləminə daxil olanların fikri isə bu barədə müxtəlifdir. Məsələn, Lyudmila Turişeva işinə laqeyd yanaşan Yelenanı günahlandırdı, Mixail Voronin bunu dəhşətli hadisə olaraq qəbul edirdi, Lidiya İvanovna, Larisa Latınina və digər mütəxəssislərlər Yelenanın məşqçisi Mixail Klimenkonu günahlandırırdı. M.Klimenko isə bir dəfə tələbəsinə “Onlar səndən məşq zamanı öləndən sonra əl çəkəcəklər” , - ifadəsini demişdi. İdmançının özü isə öz həyatını belə ifadə etmişdi: “Mən özümü ucu bucağı görünməyən dəhlizdə qaça-qov oynayan heyvan kimi hiss edirdim. Onlar mənim heç nəyə yaramadığımı deyirdilər”.
Qeyd edək ki, Yelena Muxina 2006-cı ilin dekabrın 22-də 46 yaşında ürək çatışmazlığından dünyasını dəyişdi. İdman hərəkəti edilən şəkli əks olunan baş daşında isə yalnız “dahi gimnast” sözü yazılıb. Beləcə, idmana böyük ümidlərlə başlayan gimnastın həyatı 20 yaşında yarıda qaldı. Bununla da illərdir ağrılı, əzablı məşq edən gimnasta Olimpiya Oyunlarında iştirak etmək qismət olmadı.
 

Türkay Niftəliyeva

Ulduzu parlamadan sönən qəmli baxışlı qız