Veteran gimnastın 75 yaşı tamam olur

Veteran gimnastın 75 yaşı tamam olur

Lyudmila Şirəliyeva-Şibayeva 1950-ci il iyun ayının 2-də Bakı şəhərində anadan olub. O, 1967-ci ildə 174 saylı məktəbdə təhsilini bitirərək, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna qəbul olunub. 1971-ci ildə məşqçi-müəllim ixtisasına yiyələnib.

Lyudmila Şirəliyeva-Şibayeva III, II, I yeniyetmə, III, II, I idman dərəcələrini yerinə yetirdikdən sonra idman ustası proqramı ilə məşğul olmağa başlayıb. O, 1962-1970-ci illərdə “Burevestnik” Tələbə Könüllü İdman Cəmiyyəti Azərbaycan Şurasının, Bakı və Azərbaycan birincilikləri və çempionatlarında mükafatalayiq yerlər tutub. O, “Burevestnik” Tələbə Könüllü İdman Cəmiyyətinin Mərkəzi Şurasının birinciliklərində dəfələrlə mükafatalayiq yerlər tutub. Lyudmila xanım 1966-cı ildə qızlar arasında keçirilən “Burevestnik” Tələbə Könüllü İdman Cəmiyyəti Mərkəzi Şurasının birinciliyində II yerə, 1968-ci ildə keçmiş SSRİ birinciliyində, 1969-cu ildə Ümumittifaq Həmkarlar İttifaqının Spartakiadasında, 1970-ci ildə Tələbələrin Ümumittifaq Universiadasında 3 yerlərə layiq görülüb. Həmin universiadada o, alətsiz sərbəst hərəkətlərin gözəl quruluşuna, icrasına və yüksək nəticə göstərdiyinə görə xüsusi mükafatla təltif edilib.

Əmək fəaliyyətinə 1971-ci ildən gimnastika üzrə Uşaq Gənclər İdman Məktəbində təlimatçı və eyni zamanda bədii gimnastika üzrə məşqçi vəzifəsindən başlayıb. 1973-cü ildən indiyədək Azərbaycan Dövlət Xarici Dillər Universitetinin “fiziki tərbiyə və idman” kafedrasında laborant, sonradan isə müəllim, baş müəllim və 2000-ci ildən dosent vəzifəsində çalışır. Universitetin idman klubunda işlədiyi dövr ərzində 110 nəfər II dərəcəli, 45 nəfər I dərəcəli və 6 nəfər idman ustalığına namizəd hazırlayıb. Onun rəhbərlik etdiyi universitetin yığma komandası respublikanın tələbələri arasında keçirilən spartakiadalarda, universiadalarda, Bakı birinciliklərində şəxsi və komanda birinciliklərində mükafatalayiq yerlər tutublar. Eyni zamanda Moskva, Kiyev, Alma-Ata və Polşanın Krakov şəhərlərində keçirilən beynəlxalq yarışlarda onun tələbələri iştirak ediblər.

Lyudmila Şirəliyeva 1978-ci ildən elm işlə məşğul olur. Onun 39 nəşr olunmuş elmi işi var ki, onlardan da dördü metodiki tövsiyədir.

2007-ci ildə Azərbaycan Gimnastika Federasiyası tərəfindən Veteranlar Şurası yaradılan gündən Lyudmila Şirəliyeva rəyasət heyətinin üzvü olub. 2021-ci ildən Gimnastika Veteranlar Şurasının sədr müavinidir.  2023-cü ildə yaranan “Gimnastika hamı üçün” Gimnastika Veteranlar komandasının üzvüdür.

O, 1970-ci ildə SSRİ idman ustası, 1997-ci ildə Azərbaycan Respublikasının “Fəxri bədən tərbiyəsi və idman işçisi”, 2014-cü ildə “Əmək veteranı” fəxri adlarına layiq görülüb. Lyudmila Aleksandrovna hazırda universitetdə aerobika məşğələlərini aparır.

Azərbaycan Gimnastika Federasiyası və Gimnastika Veteranlar Şurası Lyudmila Aleksandrovnanı anadan olmasının 75 illiyini səmimi qəlbdən təbrik edir, ona can sağlığı və işlərində müvəffəqiyyətlər arzulayır.

Veteran gimnastın 75 yaşı tamam olur Veteran gimnastın 75 yaşı tamam olur Veteran gimnastın 75 yaşı tamam olur Veteran gimnastın 75 yaşı tamam olur Veteran gimnastın 75 yaşı tamam olur