Azərbaycan cüdoçuları dünya çempionatında uğurla çıxış edirlər

Azərbaycan cüdoçuları dünya çempionatında uğurla çıxış edirlər


Oktyabrın 23-dən 27-dək Sloveniyanın Lyublyana şəhərində gənclər arasında cüdo üzrə dünya çempionatı keçirilir. Dünya birinciliyinin ilk günündə Azərbaycanın dörd cüdoçusu çıxış edir.
55 kq çəki dərəcəsində Azərbaycanı iki atletimiz təmsil edir. Mehman Sadıxov ilk görüşdə qazaxıstanlı Jaksılık Mussurmanovu, sonra isə koreyalı Ja Yenq Çini məğlub edib. Dörddə bir finalda fransız Vinsent Mankvestə məğlub olmuş M.Sadıxov indi təsəlliverici görüşlərdə istirak etməlidir. Bu mərhələdə onun ilk rəqibi bolqarıstanlı Valentin Alipiyev olacaq.
Davud Məmmədov əvvəlcə Rusiya nümayəndəsi Pavel Poltorakı, sonra qazaxıstanlı Assiljan Seydualini üstələyərək dörddə bir finala çıxıb. Mehman Sadıxov kimi Davud da bu mərhələdə uduzub: onu venesuelalı Armando Maite məğlub edib. Lakin D.Məmmədov təsəlli döyüşlərini davam etdirmək hüququnu itirməyib. Onun növbəti rəqibi gürcüstanlı Leri Çelidze olacaq.
60 kq çəki dərəcəsində Oruc Vəlizadə ilk görüşdə belçikalı Adlan Kaçikayevə, sonra ekvadorlu Lenin Presiadoya qalib gəlib. Növbəti ermənistanlı rəqibinə də qalib gələn Vəlizadə dörddə bir finalda Monqolustan təmsilçisi Byambasuren Daşiaçilə üstün gələrək yarımfinala çıxıb. Burada onun rəqibi koreyalı Baul An olacaq.
Digər idmançımız Rəşad Rufullayev isə ilk görüşdə polşalı rəqibi Patrik Vavrıçekə uduzub.