Rodos adasında mübarizə gərginləşir

Rodos adasında mübarizə gərginləşir


Oktyabrın 19-da Yunanıstanın Rodos adasında start götürən şahmat üzrə Avropa Kuboku yarışları davam edir. Xəbər verdiyimiz kimi, kişlərdən ibarət 53 komandanın yarışında ölkəmizi "SOCAR-Azerbaijan” və "Odlar Yurdu” şahmat klubları təmsil edir.

Kapitan Vladimir Tukmakovun rəhbərliyi altında çıxış edən "SOCAR-Azerbaijan” klubunun heyətində şahmatçılardan Fabiano Karuana, Aniş Qiri, Qata Kamski, Van Xao, Veselin Topalov, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Eltac Səfərli mübarizə aparır.
Emil Sutovskinin kapitanı olduğu "Odlar Yurdu”klubunun heyətində isə Rauf Məmmədov, Qədir Hüseynov, Nicat Məmmədov, Vasif Durarbəyli, Vüqar Rəsulov, Nicat Məmmədov və Zaur Məmmədov çıxış edirlər. Artıq yarışda 4-cü turun görüşləri keçirilib.
Klub komandalarımız üçüncü turda fərqli nəticələrlə diqqəti çəkiblər. İlk 2 görüşdə 5,5:0,5 hesablı qələbə qazanan "SOCAR-Azerbaijan” bu turda da təşəbbüsü əldən verməyib. Vladimir Tukmakovun rəhbərlik etdiyi komandamız üçüncü cəhdində İtaliyanın "Padova” klubuna qalib gəlib - 4,5:1,5.
Komandanın heyətində Veselin Topalov, Qata Kamski və Şəhriyar Məmmədyarov rəqiblərinə xal verməyiblər. Digər üç şahmatçımız isə qarşılaşmada heç-heçəyə razılaşıblar.
"SOCAR-Azerbaijan”la rəqabətə girən "Odlar Yurdu” isə turu heç-heçə ilə başa vurub. Qitə çempionatının debütantı olan klubumuz Fransanın "Klişi” kollektivi ilə xal bölgüsü aparıb.
4-cü turda komandalarımz Fransa və Avstriya təmsilçiləri ilə üz-üzə gəliblər. Üçüncü turda "Odlar Yurdu” ilə heç-heçə edən fransalılar "SOCAR-Azerbaijan”la bacarmayıblar.
Teymur Rəcəbovun Riçard Rapportla qarşılaşmada məğulubiyyətinə baxmayaraq, Aniş Qiri və Şəhriyar Məmmədyarov rəqiblərinə güzəştə getməyib. "Odlar Yurdu” isə xal itkisindən sonra qələbə qazanmağa müvəffəq olub.

Avstriyanı "Şantsklub”u ilə görüşdə təkcə Qədir Hüseynov Markus Raqqerlə xalları bölüşdürüb. Komandanın digər üzvləri qələbə qazanıblar.
5-ci turda klublarımız Rusiya təmsilçləri ilə qarşılaşacaq. "SOCAR-Azerbaijan” "Uqra” ilə, "Odlar Yurdu” isə "Malaxit”lə üz-üzə gələcək.

3-cü tur
"SOCAR-Azerbaijan” - "Padova” (İtaliya) - 4,5:1,5
Fabiano Karuana - Hikaru Nakamura - 0,5:0,5
Teymur Rəcəbov - Pentala Xarikrinşa - 0,5:0,5
Veselin Topalov - Kirill Georgiyev - 1:0
Qata Kamski - Mikele Qodena - 1:0
Şəhriyar Mammədyarov - Daniele Vokaturo - 1:0
Van Hao - Danil Dvirnıy - 0,5:0,5

"Klişi” (Fransa) - "Odlar yurdu” - 3:3
Maksim Vaşye-Laqrav - Emil Sutovski - 1:0
Riçard Rapport - Qədir Hüseynov - 1:0
Pavel Trequbov - Vasif Durarbəyli - 0,5:0,5
Maksim Laqard - Nicat Məmmədov - 0:1
Jan-Baptist Mullon - Nicat Abbasov - 0,5:0,5
Yannik Kambrat - Rauf Məmmədov - 0:1

4-cü tur
"Klişi” (Fransa) - "SOCAR-Azerbaijan” - 2,5:3,5
Maksim Vaşye-Laqrav - Fabiano Karuana - 0,5:0,5
Riçard Rapport - Teymur Rəcəbov - 1:0
Pavel Trequbov - Qata Kamski - 0,5:0,5
Maksim Laqard - Şəhriyar Məmmədyarov - 0:1
Aksel Delorm - Van Hao - 0,5:0,5
Jan-Baptist Mullon - Aniş Qiri - 0:1

"Odlar yurdu” - "Şantsklub” (Avstriya) - 5,5:0,5
Qədir Hüseynov - Markus Raqqer - 0,5:0,5
Vasif Durarbəyli - Rayner Buhmann - 1:0
Nicat Məmmədov - Robert Kreysl - 1:0
Vüqar Rəsulov - Georq Halvaks - 1:0
Nicat Abbasov - Daniel Hartl - 1:0
Rauf Məmmədov - Yohan Ertl - 1:0

4 turdan sonra turnir cədvəli:
1-2. "SOCAR-Azerbaijan”, "Uqra” (Rusiya) - 8 xal
3-5. "G-Team Novıy Bor” (Çexiya), "Odlar yurdu” (Azərbaycan), "Malaxit” (Rusiya) - 7 xal
6. Sankt-Peterburq (Rusiya), "Minsk” (Belarus), PGMB (Rusiya), SF "Virzfeld”, "Amay” (hər ikisi Belçika), "Asker” (Noveç) - 6 xal.