Cüdo üzrə dünya çempionatı davam edir

Cüdo üzrə dünya çempionatı davam edir

Sloveniyanın paytaxtı Lyublyana şəhərində gənclər arasında cüdo üzrə dünya çempionatı keçirilir.
Yarışların ilk günündə komandamızın 4 üzvü tatamiyə çıxıb.
55 kq çəki dərəcəsində ölkəmizi iki cüdoçu təmsil edir. Mehman Sadıxov ilk görüşdə Qazaxıstan təmsilçisi Jaksılık Mussurmanovu məğlub edib. Növbəti görüşdə koreyalı Ja Yenq Çindən üstün olan təmsilçimiz 1/4 finalda fransız Vinsent Mankvestlə bacarmayıb. Təsəlliferici görüşə çıxan Mehman Sadıxov bolqarıstanlı Valentin Alipiyevə məğlub olub. Bu çəki dərəcəsində çıxış edən digər idmançımız Davud Məmmədov ilk görüşdə Rusiya təmsilçisi Pavel Poltorakdan üstün olub. Növbəti mərhələdə Qazaxıstan idmançısı Assiljan Seydualini məğlub edərək 1/4 finala yüksəlib. Lakin Mehman Sadıxov kimi Davud da bu mərhələdə məğlub olub. O, venesuelalı Armando Maiteylə bacarmadı. Bürünc medal qazanmaq üçün təsəlliverici görüşlərə çıxan Davud Məmmədov gürcüstanlı Leri Çelidzeyə məğlub olaraq medalsız qalıb. 60 kq çəki dərəcəsində yarışan Oruc Vəlizadə ilk görüşündə belçikalı Adlan Kaçikayevə qalib gəlib. Növbəti görüşlərdə ardıcıl olaraq Lenin Presiadoya (Ekvador) və Narek Karapetyana (Ermənistan) qalib gələn idmançımız 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə monqolustanlı Byambasuren Daşiaçili üstələyən Oruc yarımfinala yüksəlib. Lakin təmsilçimiz bu mərhələdə koreyalı rəqibi Baul Ana məğlub olaraq mükafatçılar sırasına düşə bilməyib.
60 kq çəki dərəcəsində yarışan digər cüdoçumuz Rəşad Rufullayev isə ilk görüşdə polşalı rəqibi Patrik Vavrıçekə məğlub olub.