Xantı-Mansiyskdə iştirak edəcək şahmtçılardan 6-sı məlumdur

Xantı-Mansiyskdə iştirak edəcək şahmtçılardan 6-sı məlumdur

Şahmat üzrə dünya çempionu adına iddiaçıların gələn il keçiriləcək turnirinin vaxtı müəyyənləşib.
Belə ki, Dünya çempionu adına iddiaçıların ilk yarışı martın 12-dən 30-dək Rusiyanın Xantı-Mansiysk şəhərində keçiriləcək. Reqlamentə görə, iddiaçıların turnirinin yekunlarına əsasən dünya çempionu titulu uğrunda növbəti matçın iştirakçısı müəyyən ediləcək. Xantı-Mansiysk turnirində dünyanın ən güclü 8 qrossmeysteri mübarizəyə qoşulacaq. Artıq həmin yarışda iştirak edəcək 8 şahmatçıdan 6-nın adı məlumdur. Qrossmeysterimiz Şəhriyar Məmmədyarov, Rusiyalı şahmatçılar Vladimir Kramnik, Sergey Karyakin, Dmitri Andreykin, bolqarıstanlı Veselin Topalov və ermənistanlı Levon Aronyan Xantı-Mansiyskdə öz bacarıqlarını nümayiş etdirəcəklər.
Digər iki iştirakçının adları isə yaxın müddətdə məlum olacaq. Belə ki, yeddinci iştirakçının adı 2013-cü ilin dünya çempionu adı uğrunda hindistanlı Vişvanatan Anand və norveçli Maqnus Karlsen arasında matçdan (07-28 noyabr 2013) sonra məlum olacaq. Həmin matçda məğlub olan şahmatçı 2014-cü ildə iddiaçıların turnirində iştirak edəcək. Səkkizinci iştirakçı isə FİDE-nin verdiyi wild-card (ixtisas seçimindən keçməmiş iştirakçıya xüsusi dəvətnamə) əsasında bu yarışa qatılacaq.