Dünyanın bir sıra ölkələrində populyar olan cüdonun ölkəmizdə də ənənələri mövcuddur. Son illərdə, digər idman növləri kimi, cüdo da inkişaf edib. Xatırladaq ki, ölkəmiz ilk Olimpiya qızılını məhz cüdo növündə əldə edib. 1992-ci ildə Barselonada təşkil olunan yay Olimpiya oyunlarında cüdoçumuz Nazim Hüseynov Olimpiya çempionu adını qazanıb. Bu, ölkəmizdə cüdo üzrə qazanılan ən böyük nəticə idi. Cüdoçularımız sonrakı olimpiadalarda da mübarizə aparıblar, lakin onların çıxışları o qədər də yaxşı alınmayıb. Nəhayət, Pekin Olimpiadasında idmançılarımız Elnur Məmmədli və Mövlud Mirəliyev cüdosevərləri bir daha sevindiriblər. Belə ki, Pekində keçirilən Olimpiya Oyunlarında 73 kq çəki dərəcəsində mübarizə aparan Elnur Məmmədli Olimpiya zirvəsini fəth edib. Digər idmançımız Mövlud Mirəliyev (100 kq) isə bürünc medal qazanıb.XXX London Yay Olimpia Oyunlarında 8 cüdoçumuz qüvvəsini sınayıb. Məhz bu idman növündə təmsilçilərimizə böyük ümidlər bəslənilirdi. Olimpiya çempionu Elnur Məmmədli Londonda medal qazanmağa real namizədlərdən idi. Amma, təəssüf ki, cüdoçumuz bu dəfə ona bəslənilən etimadı doğrulda bilmədi. Qeyd etmək lazımdır ki, Elnur 81 kq çəki dərəcəsində Avropa çempionatının və iki dəfə "Master" turnirinin qalibi olub. Məlumat üçün deyək ki, "Master" turniri nüfuzuna görə, Avropada Cüdo Federasiyasının ən mötəbər yarışlardan biri hesab olunur.
Xatırladaq ki, London Olimpiadasında, püşkatmanın nəticələrinə görə, Elnurun əsas rəqibləri Koreya, Almaniya və Braziliya idmançıları olub. Olimpiya çempionumuz Londonda qarşılaşdığı kanadalı rəqibini bundan əvvəl keçirilən yarışlarda bir neçə dəfə məğlub etmişdi.
Milli komandamızın məşqçiləri, mütəxəssislər Elnurun Londondakı məğlubiyyətini onun arxayınçılığı ilə əlaqələndirirlər. Onların fikrincə idmançımız rəqibini lazımınca dəyərləndirə bilməyib. Görüş heç-heçə qurtardıqdan sonra hakimlər qələbəni kanadalı idmançıya veriblər. Onu da deyək ki, kanadalı idmançının London Olimpiadasına qədər yüksək nəticəsi olmayıb. Ümumilikdə, London Olimpiadasının yekunlarına nəzər salsaq, görərik ki, cüdoçularımızın əsas rəqibləri Yaponiya və Koreya idmançıları olublar. Cüdo həmin ölkələrdə yüksək səviyyədə inkişaf edib. Onu da qeyd etmək lazımdır ki, Yaponiya idmançıları ötən olimpiada ilə müqayisədə Londonda zəif çıxış ediblər.
Şübhəsiz, cüdo yığmamızın Londondakı uğursuzluğu ölkəmizdə diqqətdən kənarda qalmayıb. Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi məşqçi heyətində dəyişiklik edib. Belə ki, ötən ilin oktyabr ayında federasiya avstriyalı mütəxəssis Peter Zayzenbaherlə müqavilə bağlayıb. Müqaviləyə əsasən, avstriyalı məşqçi dörd il müddətində Azərbaycan yığma komandasında baş məşqçi kimi işləyəcək. Qeyd edək ki, Peter Zayzenbaher bundan əvvəl Gürcüstan mili komandasının baş məşqçisi işləyib. Avstriyalı mütəxəssisin rəhbərliyi altında çıxan qonşu dövlətin təmsilçiləri müxtəlif yarışlarda mükafatalayiq yerlər tutublar. Son yay Olimpiya oyunlarında Gürcüstan cüdoçusu qızıl medal qazanıb.
Bizimlə söhbətində Peter Zayzenbaher Bakıya gəlməzdən əvvəl Azərbaycanda idmanın yüksək səviyyədə inkişaf etdiyi, bu sahəyə göstərilən diqqət və qayğıdan məlumatlı olduğunu dedi: "Eşitmişdim ki, Azərbaycanda idmana yüksək səviyyədə diqqət göstərilir. Bir neçə idman növləri üzrə Olimpiya çempionlarınız var. Bundan əvvəl Gürcüstan yığma komandasının baş məşqçisi işləmişəm. Gürcüstan Azərbaycana qonşu ölkədir. Buna görə də sizin cüdoçularla müxtəlif yarışlarda görüşmüşük. Bir neçə aydır ki, komanda ilə işləyirəm. İdmançıların fiziki, texniki, taktiki hazırlıqlarını nəzərdən keçiririk. Bütün işlərimizi əvvəlcədən hazırlanmış plan əsasında həyata keçiririk. Bu, gələcək yarışlarda uğurlu çıxışlarımıza imkan verəcək. Çalışırıq ki, komandaya gənc idmançıları daha çox cəlb edək. Son Azərbaycan çempionatında perspektivli gəncləri nəzərdən keçirdik. Qeyd edim ki, yeniyetmələr arasında keçirilən yarışlar da diqqətimizdədir. Bu yarışlarda idmançıların zəif cəhətlərini öyrənir, onların gələcəkdə komandaya cəlb olunması istiqamətində işlər aparırıq".
Qeyd edək ki, buyaxınlarda İspaniyanın Malaqa şəhərində Beynəlxalq Cüdo Federasiyasının (İJF) məşqçilər üçün seminarı keçirilib. Cüdo üzrə yığma komandamızın baş məşqçisi Peter Zayzenbaher də həmin seminarda iştirak edib. Tədbirdə 2013-cü il yanvar ayının 1-dən cüdo növündə qəbul olunan yeni qaydalar barəsində məşqçilərə ətraflı məlumat verilib. Qeyd edək ki, yeni qaydalar Fransanın paytaxtı Parisdə keçirilən"Böyük dəbilqə" turnirindən başlayaraq, avqust ayında Rio-de Janeyroda təşkil olunacaq dünya çempionatınadək eksperiment kimi sınaqdan çıxarılacaq.
Yeni qaydalara görə, cüdoçular tatamiyə çıxarkən, görüşdən əvvəl bir-birinin əlini sıxmayacaq, məhz tataminin iş zonasında dayanaraq bir-birinə baş əyəcəklər. Hər bir görüşü isə tatamidə üç deyil bir hakim idarə edəcək.
Məlumat üçün bildirək ki, yeni qaydalar artıq ölkəmizdə sınaqdan keçirilib. Belə ki, yanvar ayının sonunda cüdo üzrə ilk dəfə keçirilən komandalararası Azərbaycan kubokunda yeni qaydalar tətbiq edilib. Bu yarışda müxtəlif klubların təmsilçiləri qüvvələrini sınayıblar.
Hazırda cüdo üzrə milli komandamızın üzvləri Olimpiya yığmalarının təlim-məşq bazasında təlim-məşq toplanışındadırlar. Yığma komandanın məşqçisi Fərhad Məmmədovun verdiyi məlumata görə, cüdoçular burada fiziki, texniki, psixoloji və taktiki hazırlıq keçir, eyni zamanda onlara yeni qaydalar izah olunur. Komandanın əsas heyətinin tam müəyyənləşdirilmədiyini deyən məşqçi, hazırda əsas işin gənc cüdoçuların baxışdan keçirilməsi olduğunu vurğuladı: "Artıq bir neçə gündür ki, cüdoçularımız təlim-məşq toplanışı keçirlər. Onlar verilən tapşırıqlar üzrə işləyirlər. Əsas məqsədlərimizdən biri də gəncləri sınaqdan çıxarmaqdır. Bizim yetərincə perspektivli idmançılarımız var. Cüdoçularımız qarşıda bir neçə beynəlxalq yarışlarda iştirak edəcəklər. Həmin yarışların nəticəsindən asılı olaraq, yüksək potensiallı gənclər əsas heyətə cəlb olunacaqlar".
Qeyd edək ki, cüdoçularımız bugünlərdə Macarıstanın Budapeşt şəhərində təşkil olunacaq "Europian Open" turnirində qüvvələrini sınayacaqlar. Budapeştdə 16 idmançımız çıxış edəcək. Sonra təmsilçilərimiz Düsseldorf və Varşavada keçiriləcək beynəlxalq yarışlarda mübarizə aparacaqlar.
Bu ilin əsas yarışlarından biri Avropa çempionatıdır. Qitə çempionatı aprel ayında Macarıstanda keçiriləcək. Keçiriləcək axırıncı yarışlardan sonra çempionatda iştirak edəcək tatami ustalarının adları müəyyənləşəcək. Avqust ayında isə Rio-de Janeyroda dünya çempionatı təşkil olunacaq.
Məlumat üçün bildirək ki, bu il paytaxtımızda cüdo üzrə beynəlxalq yarış da təşkil olunacaq. Belə ki, mayın 4-5-də Bakıda "Böyük dəbilqə" turniri keçiriləcək. Xatırladaq ki, ötən il paytaxtımız "World master" Qran-pri və Dünya kubokuna yüksək səviyyədə ev sahibliyi edib. Ötən il mayın 5-6-da Sərhədçi İdman Olimpiya Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş cüdo üzrə Qran-pri yarışlarında Azərbaycan milli komandası ilə yanaşı, 22 ölkənin yığması qüvvəsini sınayıb. Millimiz yarışda 27 kişi, 7 qadın olmaqla, 34 cüdoçu ilə təmsil olunub. Qran-pri yarışlarında ümumilikdə 86 kişi və 34 qadın idmançı mübarizə aparıb. Yekun nəticəyə görə cüdoçularımız 19 (6 qızıl, 5 gümüş və 8 bürün) medal qazanaraq birini olublar. Yaponiya və Gürcüstan komandaları isə ardıcıl olaraq, ikinci və üçüncü yerlərə layiq görülüblər.