İdman jurnalistləri arasında şahmat turniri keçirilib

İdman jurnalistləri arasında şahmat turniri keçirilib

Mayın 9-da ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş idman jurnalistləri arasında şahmat turniri keçirilib. Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) təşkilatçılığı və ETOPAZ-ın baş sponsorluğu ilə keçirilən yarış Məmmədyarovlar şahmat məktəbində təşkil olunub. Yarışda ATV, İdman TV, CBC Sport televiziya kanallarının, "Xalq qəzeti", "Olimpiya dünyası", "Futbol+" qəzetlərinin, Sportmedia.az və Allsport.az saytlarını təmsil edən 8 iştirakçı mübarizə aparıb. Dairəvi sistem üzrə keçirilən və 7 turdan ibarət olan yarışda Allsport.az saytının baş redaktoru Kamran Hacı maksimum nəticə ilə birinci yeri tutub. ATV idmanın redaktoru İlkin Fikrətoğlu ikinci, Sportmedia.az saytının baş redaktoru İlkin Vidadioğlu üçüncü olub. Yarışın sonunda iştirakçılar mükafatlandırılıb.


Mükafatları AİJA prezidenti, əməkdar jurnalist Eldar İsmayılov və Məmmədyarovlar şahmat məktəbinin təsisçisi, qadınlar arasında beynəlxalq dərəcəli qrossmeyster Zeynəb Məmmədyarova təqdim ediblər.

Eldar İsmayılov ulu öndərin Azərbaycan mediasının inkişafındakı misilsiz rolundan və jurnalistlərə daimi diqqətindən danışıb.

Zeynəb Məmmədyarova isə ümummili liderin Azərbaycan idmanının və şahmatının tərəqqisində göstərdiyi xidmətlərdən bəhs edib və media nümayəndələrinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

İdman jurnalistləri arasında şahmat turniri keçirilib