İnsanı xarakterizə edən müdriklər onu üç cəhətə - idrak fəallığına-intellektuallığına, ictimai fəallığına və motivasiyaya görə qiymətləndirirlər.
Haqqında yazdığımız şəxs hər üç cəhətə görə fərqlənir.
Murad Fərzəliyevi 20 ildən artıqdır ki, tanıyıram. Onun həm idrakına, həm ictimai fəallığına, həm də motivasiyasına bələdəm.
Mənə Murad müəllim haqqında yazmaq təklif olunduqda, heç nə fikirləşmədən tərəddüd etmədən razılıq verdim. Bəzən deyirlər ki, “filankəs” haqqında yazmaq, söz demək həm asan, həm də çətindir. Murad müəllim haqqında söz demək, yazmaq isə çox asandır. Ona görə ki, əsl insana xas olan bütün xüsusiyyətlər "Əməkdar jurnalist” Murad Fərzəliyevdə cəmləşib.
Murad müəllimlə ilk tanışlığımdan (2001) onu dinamik enerjiyə malik, daim hərəkətdə, axtarışda olan, əli qələmli, səmimi, istiqanlı və eyni zamanda öz nəfsini qorumağı bacaran, bunun üçün hər şeyi göz altına alan, ölümün gözünə dik baxmağı bacaran bir vətənpərvər, alim və jurnalist kimi tanımışam.
Murad Fərzəliyev böyük hərflərlə yazılmış həqiqi vətəndaşdır. Vətənimizin təlatümlü günlərində onu hər zaman ən qaynar nöqtələrdə görürəm. O, anamız Azərbaycanı, onun bir qaşıq qandan qorxmayıb canını vətən yolunda qurban verən oğullarını ürəkdən sevir. İgid, yenilməz oğullar barədə yazmaqdan, söhbət açmaqdan yorulmur.
İnsanlar ulduzlar kimi müxtəlif olur. İnsanlar var xeyirxahdır, ləyaqətlidir, sözündə bütövdür, mərddir, mübarizdir. İnsanlar var illərlə bir yerdə işləyirsən, görüşürsən, lakin onlardan ayrılandan sonra səndə onlara aid bir xatirə qalmır. İnsanlar da var ki, bir-iki saat həmsöhbət olursan, ayrılanda nurlu simaları, göz önündə canlanır, kəlamları, hikmətləri ömürlük əqlinə həkk olunur, özlərinin zəngin biliyi, dərin intellekti, zəngin mənəviyyatı ilə yadda qalırlar.
Belə insanlardan biri "Əməkdar jurnalist” adına layiq görülmüş Murad Fərzəliyevdir.
Müdriklər deyiblər ki, bəşəriyyət yaxşı adamların çiyinlərində dayanır, din isə pak adamların əqidəsi ilə möhkəmlənir. Zəmanəmizin görkəmli adamları xoşbəxtliyini xalqa xidmətdə görüblər Dahilərin arzusu həmişə yalnız özünü yaşatmaq deyil, kimlərisə yaşatmaq olmuşdur. Mən Murad Fərzəliyevlə tanışlığımdan bu vaxta qədər onun fəaliyyətində, mənəviyyatında, əməllərində yuxarıda söylənilən mötəbər cəhətləri görmüşəm. Murad müəllim dostluğa sədaqətli, yoldaşlıqda etibarlı, həyatda mübariz, lazımi məqamda öz sözünü deyə bilən kamil bir insandır.
Peyğəmbərimiz həzrəti Məhəmməd (s.ə.s.) hamıya məsləhət görürdü: “Sevin ətrafınızı, sevsinlər Sizi. Ətrafınızı elə sevin ki, qoy Sizi görməyəndə darıxsınlar”.
Mən deyərdim ki, Murad müəllim bu nəsihəti ürəklə həyata keçirir.
Murad müəllimi həmkarlarından fərqləndirən ən mühüm cəhət onun sadəliyi, səmimiliyi, qayğıkeşliyi, zəhmətkeşliyi və vətən¬pərvərliyidir. O, rəhbərlik etdiyi “Olimpiya dünyası” qəzetində vətənpərvərliklə bağlı yazılar, keçirdiyi görüşlərdə çıxışlarla kifayətlənmir, özü vətənpərvərlik nümunəsi göstərir.
Rəhbərlik etdiyi "Olimpiya dünyası" qəzeti dəfələrlə ilin idman nəşri elan olunmuş, İspaniyada "Nüfuza və keyfiyyətə görə" beynəlxalq mükafata layiq görülmüşdür.
Yazmış olduğum “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyində “Bədən tərbiyəsi və idmanın inkişafı (1918-1920)”, “Təhsildən səngərə - səngərdən əbədiyyətə” (Qarabağ müharibəsində İdman Akademiyasının şəhidləri) adlı kitabların təqdimat mərasimini "Əməkdar jurnalist” Murad Fərzəliyev aparmışdır.
Murad müəllim son dərəcə saf, səmimi, xeyirxah, son tikəsini bölən, yaxşılıqdan başqa yol tanımayan, yüksək mədəniyyətli, kübar təbiətli bir insan, fədakar ailə başçısı, sədaqətli dostdur.
Zənnimcə, bu ali keyfiyyətlər Murad müəllimə saf ana südündən, müqəddəs ailə tərbiyəsindən, əsilli-nəsilli soykökündən gəlir. Arı bal yığan kimi Murad müəllim də ömrü boyu nəcib insani əməlləri zərrə-zərrə toplayıb. Hesab edirəm ki, bu cür müdrik insanlar xalqımızın əsl milli sərvəti sayıla bilər. Bu cür insanlar zaman və məkan daxilində insanşünaslıq qanununu təkmilləşdirən, onu saflaşdıran və bununla da cəmiyyətə sağlam ab-hava gətirən şəxsiyyətlər¬dəndir. Belə bir insani ali rütbə dövlətin qanunu, hökumətin qərarı ilə veril¬mir, bu ali mərtəbəni həyatda gərək özün qazana biləsən.
Murad Fərzəliyev xalqını, vətənini sevən, milli-mənəvi dəyərlərimizi, tariximizi, mədəni irsimizi, adət ənənəmizi, fiziki mədəniyyət və qəhrəmanlıq tariximizi daimi aşılayan xalqımızın vətənpərvər oğludur.
Bu gün 60 illik yubileyini qeyd etdiyimiz Murad müəllimi qiymətləndirmək istəyərkən yadıma bir əhvalat düşdü. M.S.Ordubadinin “Qılınc və qələm” romanında belə bir epizod var. Dünya xalqlarının əvəzsiz şairi Nizami Gəncəvi adəti üzrə çay qırağında söyüd kötüyü üstündə oturub şeir yazırdı. Bu zaman Əmir İnsanın qızı Qətibə xanım çoxdan arzusunda olduğu İlyasla görüşür. Qətibə Nizamiyə belə bir sual verir: “Sən burada nə işlə məşğulsan?” Nizami cavabında deyir: “Mən yaradıram”. Qətibə: “Sən peyğmbərsən?” Nizami deyir: “Xeyr, peyğəmbər yaranmışdı, mən isə yaradıram”. Qətibə: “Onda Allahsan?” Nizami: “Allah da deyiləm. Varlığından uca düşünən insanları deyil, hər şeydən yüksəkdə duran sənət yaradıram”.
Mən Murad müəllimi şeir, sənət yaradan həmin zirvədə görürəm, Onun bir neçə şeir kitabları bu deylənlərə parlaq nümunədir.
Murad Fərzəliyev bədii yaradıcılıqla məşğul olur, "Bir az gecikəndə” şeirlər kitabının müəllifidir. Bir şeri orta məktəb dərsliyinə salınıb. Şeirləri Türkiyədə nəşr olunan "Avrasiya şairlərinin antologiyası” kitabında dərc edilib.
Yaxşılıq etmək onun həyat devizidi. Murad müəllim özü üçün etməyə üzü gəlməyən işləri başqaları üçün görməyə həmişə hazırdır.
Mübaliğəsiz demək olar ki, Murad Fərzəliyev müstəqil Azərbaycanın idman, elm və mədəniyyət biliciləri arasında xüsusi nüfuza malik olan dəyərli bir insan, əsl “Əməkdar jurnalist”dir. Murad müəllimdəki yüksək məsuliyyət hissi, onun çox ciddi tələbkarlığı, eyni zamanda qayğıkeşliyi, kollektiv üzvləri arasında bir-birinə qarşılıqlı hörmət hissi aşılaya bilmək məharəti məni həmişə heyran edir.
Murad müəllim, Sizi 60 illik yubiley münasibətilə ürəkdən təbrik edirəm!!! Arzu edirəm kədər Sizdən uzaq olsun və gələcək günlər daim Sizə yaxşı əhval-ruhiyyə bəxş etsin! Bu əziz gündə sənə uğur, sevgi və xoşbəxtlik arzu edir, yeni yaşında gözəl bir ömür diləyirəm.
Dilqəm Qasım oğlu Quliyev,
Prezident təqaüdçüsü,
pedaqogika üzrə elmlər doktoru, professor