Azərbaycan Voleybol Federasiyası (AVF) ilk dəfə paytaxtdan kənarda “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı düşərgəsi"ni təşkil edib.
Hacıqabulda təşkil olunan düşərgəyə yeniyetmə və gənclərdən ibarət milli komandaların rəhbəri Şahin Çatma rəhbərlik edir.
Sentyabrın 15-dək davam edəcək düşərgədə Hacıqabuldan və Şirvandan seçilmiş 20 nəfər (2007, 2008, 2009 və 2010-cu il təvəllüdlü) voleybolçu qız iştirak edir.
İlk gün iştirakçılar və onların valideynləri ilə görüş keçirilib. Görüşdə bildirilib ki, 4 günlük düşərgədə hər yaş qrupu üçün Şirvan Olimpiya İdman Kompleksində məşqlər təşkil olunacaq. Burada uşaqlara voleybolun incəlikləri öyrədiləcək və onların daha yaxşı forma toplaması üçün müxtəlif proqramlar həyata keçiriləcək.
Qeyd edək ki, düşərgədə Şahin Çatmaya Sumqayıt, Qax, Şirvan, Tovuz, Saatlı, Gəncə şəhərlərinin məşqçiləri də kömək edirlər. Bu məşqçilər düşərgə zamanı həm də yeniyetmə və gənclərdən ibarət milli komandaların rəhbərindən voleybolun incəliklərini öyrənəcəklər.
İlk düşərgə 14-18 avqust tarixlərində Bakıda təşkil olunub. Uşaq voleybolunun inkişafı məqsədilə baş tutan belə seleksiya məşqləri və düşərgələr mütəmadi keçiriləcək. Seçimlərin və düşərgələrin təşkilində əsas məqsəd gənclərdən ibarət milli komandaların formalaşdırılması və beynəlxalq yarışlarda iştirakını təmin etməkdir.