Portuqaliyanın Odivelas şəhərində cüdo üzrə gənclər arasında dünya birinciliyi keçirilib. 68 ölkədən 541 (294 oğlan, 247 qız) cüdoçunun mübarizə apardığı yarışda Azərbaycan idmançıları da güclərini sınayıblar. Komandamız turniri 1 qızıl, 2 gümüş medalla başa vurub. Yığmamızın heyətində qızıl medala -73 kq çəki dərəcəsində mübarizə aparan Vüsal Qələndərzadə sahib çıxıb. İdmançımız finalda ABŞ təmsilçisi Cek Yonezuka üzərində parlaq qələbə qazanaraq dünya çempionu titulunu əldə edib. Nizami İmranov (-60 kq) və Vüqar Talıbov (-90 kq) isə yalnız finalda məğlub olaraq gümüş medala sahib çıxıblar.
Ömər Rəcəbli (-81 kq) və Ramazan Əhmədov (+100 kq) isə beşinci yerlə kifayətləniblər.
Yığmamız bu nəticə ilə medal əyarına görə oğlanlar arasında komanda hesabında ikinci yeri tutub.