Azərbaycan 2024-cü ildə Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (İnternational Ski Mountaineering Federation-İSMF) Plenar Assambleyasına və bu idman növü üzrə beynəlxalq yarışa ev sahibliyi edəcək.
Bununla bağlı oktyabrın 14-də keçirilən İSMF-nin Plenar Assambleyasında qərar qəbul edilib.
Tədbirdə təqdimatla çıxış edən Azərbaycan Qış İdmanı Növləri Federasiyanın baş katibi Günel Bədəlova gələn il Plenar Assambleyanın və xizək alpinizmi üzrə İSMF beynəlxalq seriya yarışının Azərbaycanda keçirilməsini təklif edib.
Səsvermə nəticəsində hər iki tədbirin 2024-cü ildə Azərbaycanda təşkilinə dair qərar qəbul olunub və yarış İSMF yarış cədvəlinə əlavə edilib.