Oktyabrın 17-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Zenit” Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin xidmət sahəsinə daxil olan müəssisə və təşkilatlar arasında Respublika Spartakiadasının açılış mərasimi keçirilib.
Spartakiada iştirakçılarının paradından sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimi giriş sözü ilə açan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Hikmət Osmanov iştirakçıları salamlayaraq bildirib ki, müstəqil Azərbaycanın qurucusu, xalqımızın ümummilli lideri, Heydər Əliyevin 100 illiyinə həsr olunmuş spartakiadanın keçirilməsi olduqca əhəmiyyətli hadisədir. Spartakiada haqqında məlumat verən H.Osmanov iştirakçılara uğurlar arzulayıb.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftaxetdinova isə çıxışında belə yarışların zəhmətkeşlərin asudə vaxtlarının səmərəli təşkilində və idmanın təbliğində böyük rolu olduğunu qeyd edib.
Sonra çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin şöbə müdiri Rəşad Əliyev hər il təşkil olunan Respublika Spartakiadasının xoş ənənəyə çevrildiyini qeyd edib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra yarışlar açıq elan edilib.
Mərasimin bədii hissəsi başa çatdıqdan sonra spartakiadanın futbol turnirinin finalçıları qalibi müəyyənləşdirmək üçün meydana çıxıblar. Həlledici görüşdə “Müdafiə Sənayesi İşçiləri” HK və “Metropoliten İşçiləri” HK komandaları qarşılaşıb. Görüşdə rəqibinə 3:1 hesabı ilə qalib gələn “Müdafiə Sənayesi İşçiləri” HK komandası birinci yeri tutub. “Metropoliten İşçiləri” HK ikinci, “Aviasiya İşçiləri” HK komandası isə üçüncü yerə sahib çıxıb.
Qeyd edək ki, 7 respublika komitəsinin idmançılarının iştirak etdiyi yarışlar 10 idman növü (futbol, voleybol, stolüstü tennis, üzgüçülük, şahmat, dama, güllə atcılığı, nərd, kəndirdartma və daşqaldırma) üzrə keçirilir. Spartakiadanın keçirilməsində məqsəd zəhmətkeşlərin sağlamlığını möhkəmləndirmək, bədən tərbiyəsi və idman məşqlərinə cəlb etməkdir.
Respublika Spartakiadası noyabrın 22-dək davam edəcək.