Kapitan yeni vəzifə üçün mübarizə aparacaq

Kapitan yeni vəzifə üçün mübarizə aparacaq

Tannınmış qrossmeyster, hazırda Gürcüstan idman nazirinin müavini vəzifəsində işləyən Zurab Azmayparaşvili 2014-cü ildə keçiriləcək Avropa Şahmat İttifaqının prezidenti seçkilərinə qatılmağı düşünür.
Zurab Azmayparaşvilinin sözlərinə görə, o, 2010-cu ildə Silvio Danailovun namizədliyini dəstəkləmişdi. "Lakin ötən müddət ərzində prezident vəzifəsində Danailovun nə iş gördüyünü bilmirəm”, - deyə Azmayparaşvili bildirib.
Zurab Azmayparaşvili beynəlxalq federasiya ilə üç il necə mübarizə apardığını xatırlayaraq deyib: "Kim desə ki, mən həmişə FİDE-nin tərəfində olmuşam, yalandır... İndi mən belə hesab edirəm ki, Silvio lazımsız və mənasnz yerə FİDE-yə hücum edir, həqiqət axtarmır”.
Z.Azmayparaşvili Danailovun real iş görmək əvəzinə tez-tez Tvitterdə görünməsini tənqid edib. O qeyd edib ki, əgər seçkilərə getsə, indiki prezidentə qarşı çıxmaq üçün deyil, Avropa şahmatında vəziyyəti yaxınlaşdırmaq və daha çox sponsor cəlb etmək məqsədi ilə gedəcək. Qrossmeyster-siyasətçi deyib: "Yaxın on ayda Silvio yaxşı işləsə, mən daha onu tənqid etməyəcəyəm, yalnız alqışlayacağam”.
Xatıladaq ki, gürcü qrossmeysteri Zurab Azmayparaşvili 2009-cu ildə şahmat üzrə Azərbaycan yığmasının kapitanı təyin edilib və bir il bu vəzifədə çalışıb.