Noyabrın 6-7-də İtaliyanın paytaxtı Romada Avropa Olimpiya Komitələrinin (AOK) Avropa Atletlərinin VII Forumu və Assambleyası keçiriləcək. Tədbir çərçivəsində AOK Atletlər Komissiyasına 3 yay və 1 qış idman növlərindən namizədlər də seçiləcək. Namizədlərin arasından 1 nəfər Avropa Atletlər Komissiyasının sədri Gerd Kanteri əvəzləyəcək. Avropadan 13 namizədin yer aldığı siyahıda cüdo üzrə Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rüstəm Orucovun da adı var.
Ölkəmizi səsvermədə Azərbaycan Atletlər Komissiyasının üzvləri taekvondoçu Fəridə Əzizova və yunan-Roma güləşçisi Rəsul Çunayev təmsil edəcək.
Tədbirin ilk günündə AOK-un atletlər komissiyasının gələcək planları və strategiyaları, Milano-Kortina-2026 Qış Olimpiya Oyunları haqqında müzakirələr aparılacaq. Komissiyanın növbəti günü Paris-2024 Yay Olimpiya Oyunları haqqında təqdimatlar və strategiyalar iştirakçılara nümayiş etdiriləcək. Ardınca Komissiya və namizədlər haqında məlumat veriləcək. Sonda AOK-un Atletlər Komissiyasının üzvləri seçiləcək.
Atletlər Komissiyasının missiyası avropalı idmançıların problemlərini AOK-a çatdırmaq və onların dinlənilməsini təmin etməkdir.