Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb

Çinin Qinqdao şəhərində keçirilən cüdo üzrə Qran-pri yarışları başa çatdıqdan sonra Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini müəyyənləşdirib. Qran-pri yarışlarının yekununa əsasən təşkil olunan siyahını cüdoçularımız üçün uğursuz saymaq olar.
Çində keçirilən yarışda iştirak etməyən yığmamızın heyətində bu dəfə də irəliləyən idmançı olmayıb. Əksinə, 3 idmançımız öz mövqeyində geriləyib. Təmsilçilərimizdən ən çox geriləyən Ramilə Yusubova (63 kq) olub. O, 2 pillə geriləməklə 66-cı yerə enib. Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) da mövqeyini itirənlər sırasındadır. Nicat və Rüstəm hərəyə 1 pillə geriləməklə, müvafiq olaraq, 13-cü və 14-cü yerlərdə qərarlaşıblar.
Digər idmançılarımız İlqar Müşkiyev, Orxan Səfərov (hər ikisi 60 kq), Tərlan Kərimov
(66 kq), Tural Səfquliyev, Elnur Məmmədli (hər ikisi 81 kq), Şahin Qəhrəmanov (90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq) və Kifayət Qasımovanın (57 kq) mövqelərində dəyişiklik olmayıb.
Məlumat üçün qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.