İtaliyanın paytaxtı Romada keçirilən Avropa Olimpiya Komitələrinin (AOK) Avropa Atletlərinin VII Forum və Assambleyasına yekun vurulub.
Tədbirin ilk günündə AOK-un Atletlər Komissiyasının gələcək planları və strategiyaları müzakirə edilib, Olimpiya Həmrəyliyi və Milano-Kortina-2026 Qış Olimpiya Oyunları ilə bağlı təqdimatlar olub. Komissiyanın növbəti günü Paris-2024 Yay Olimpiya Oyunları haqqında təqdimatlar və strategiyalar iştirakçılara nümayiş etdirilib.
AOK Komissiyasının sədri Gerd Kanter və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Atletlər Komissiyasının sədri Emma Terho komissiyanın son 12 aydakı fəaliyyətinə dair ətraflı hesabatlar təqdim ediblər.
Komissiya və namizədlər haqında məlumat verildikdən sonra AOK Atletlər Komissiyasına 3 yay və 1 qış idman növlərindən namizədlər seçilib.
Böyük britaniyalı Alister Braunli Avropa Atletlər Komissiyasının yeni sədri seçilib. O, Gerd Kanteri əvəzləyib. Səsvermənin nəticəsinə əsasən, serbiyalı Zorana Arunoviç (atıcılıq), slovakiyalı Aleksandra Miskovska (kamandan oxatma ) və almaniyalı Ronald Rauhe (Kanoe) yay, estoniyalı Yohanna Taliharm (biatlon) isə qış idman növləri üzrə Atletlər Komissiyasının üzvü seçiliblər.
Tədbirdə ölkəmizi Azərbaycan Atletlər Komissiyasının üzvləri taekvondoçu Fəridə Əzizova və yunan-Roma güləşçisi Rəsul Çunayev təmsil edib.
Avropadan komissiya üzvlüyünə 13 namizəd arasında cüdo üzrə Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rüstəm Orucovun da adı var idi.