Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turun oyunları təşkil olunub. Azərbaycan Həndbol Federasiyasından verilən məlumata görə, kişi həndbolçuların mübarizəsində III tura “İdman Akademiyası” - “Azəryol” görüşü ilə start verilib. Rəqibindən üstün oyun nümayiş etdirən “Azəryol” mövsümdə ilk qələbəsini qazanıb - 45:36.
“Bakı” - “Dinamo” matçında nominal ev sahibinin qələbə qazanacağına inananlar yanılmayıblar. Hücumları daha kəsərli alınan “Bakı” həndbolçuları azarkeşlərini sevindiriblər - 46:21.
Bu turadək çempionata şərikli liderlik edən “Kür”lə “Qarabağ”ın qarşılaşması daha böyük maraqla gözlənilirdi. Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan turun mərkəzi matçı gərgin mübarizə şəraitində keçib. Oyun “Kür”ün 27:20 hesablı qələbəsi ilə başa çatıb.
Qadınların yarışında da eyniadlı komanda 3-cü turda qalib gəlib. Doğma meydanda “Bakı” kollektivini qəbul edən Mingəçevir təmsilçisi rəqibə heç bir şans verməyib - 48:8. Turun digər matçında isə “Azəryol” “İdman Akademiyası”nı 41:21 hesabı ilə məğlub edib.