Şahmatçılarımız Avropa komanda çempionatında iştirak edirlər

Şahmatçılarımız Avropa komanda çempionatında iştirak edirlər

Varşavada kişilər və qadınlar arasında şahmat üzrə Avropa komanda çempionatı keçirilir.
Kişilərin turnirində 38 ölkə iştirak edir. Çempionatın iştirakçılarının arasında 140 beynəlxalq qrossmeyster və 31 beynəlxalq usta vardır.
Azərbaycan yığmasının tərkibində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Rauf Məmmədov və Qədir Hüseynov çıxış edirlər.
Üçüncü turda Azərbaycan şahmatçıları Polşanın birinci komandasına 2,5:1,5 hesabı qalib gəliblər. Onların növbəti rəqibi Macarıstan yığması olacaq: Şəhriyar Məmmədyarov-Viktor Erdoş, Teymur Rəcəbov-Çaba Baloq, Eltac Səfərli-Zoltan Almaşi, Rauf Məmmədov-Tamaş Banuş.
Qadınların turnirində 32 komanda iştirak edir. Azərbaycan idmanının şərəfini Gülnar Məmmədova, Zeynəb Məmmədyarova, Türkan Məmmədyarova, Xəyalə Abdulla və Nərgiz Umudova qoruyurlar. Üçüncü turda qadın şahmatçılarımız İspaniya yığmasına 1:3 hesabı ilə uduzublar. Növbəti turda nümayəndələrimiz Xorvatiya komandasına qarşı oynayacaqlar: Gülnar Məmmədova-Borka Fransıskoviç, Zeynəb Məmmədyarova-Mara Celika, Türkan Məmmədyarov-Kristina Sariç, Nərgiz Umudova-İvona Purqar.
Qeyd edək ki, 9 turdan ibarət çempionatda sonuncu turun oyunları noyabrın 17-də keçiriləcək. Noyabrın 13-ü çempionatda istirahət günüdür.