Paris-2024: məşəl estafeti necə başlayacaq?

Paris-2024: məşəl estafeti necə başlayacaq?

“Olimpiya dünyası” qəzeti “Reuters”ə istinadən xəbər verir ki, avarçəkmə üzrə Olimpiya çempionu yunanıstanlı Stefanos Ntuskos 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya məşəli estafetinin ilk iştirakçısı olacaq. Məşəl 2024-cü il aprelin 16-da qədim Olimpiya Oyunlarının vətəni olan Yunanıstanın Olimpiya şəhərində ənənəvi mərasimlə yandırılacaq. Baş keşiş rolunu oynayacaq aktrisa bunu parabolik güzgü və günəşin köməyi ilə icra edəcək. O, məşəli qədim Olimpiya stadionunun kənarında Tokio-2020-də qızıl medala yiyələnən Ntuskosa ötürəcək. 11 gün ərzində estafet Yunanıstan ərazisindən, onun yeddi adasından keçəcək. Burada 600 məşəlçi iştirak edəcək. Aprelin 26-da Afinada məşəl Parisdəki Oyunların təşkilatçılarına təhvil veriləcək. Həmin tədbirdə məşəlçi su polosu üzrə Olimpiya Oyunlarının gümüş mükafatçısı İoannis Fountulis olacaq. Daha sonra alov üç dirəkli Belen gəmisində 2024-cü il Olimpiya Oyunlarında yelkənli idman yarışlarının keçiriləcəyi Marselə doğru yola düşəcək. Orada isə Olimpiya məşəlinin estafetinin Fransa hissəsi başlayacaq. Qeyd edək ki, Parisdə Olimpiya Oyunları gələn il iyulun 26-dan avqustun 11-dək keçiriləcək.