Velosipedçilər “Bayrağımız qürur mənbəyimizdir” adlı turnirdə yarışıblar

Velosipedçilər “Bayrağımız qürur mənbəyimizdir” adlı turnirdə yarışıblar


Noyabrın 9-da 14-17 yaşlı oğlan və qızlar arasında "Bayrağımız qürur mənbəyimizdir” devizi adlı velosiped yarışı keçirilib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkil etdiyi yarışda 100-dən çox velosipedçi mübarizə aparıb. Azadlıq meydanının qarşısındakı fəvvarələr kompleksinin yanından start götürən yarış Dövlət Bayrağı Meydanında başa çatıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Azər Rüstəmov bütün rəqiblərini qabaqlayaraq birinci yerə layiq görülüb. Kamran Məmmədov ikinci, Vüqar Nəsibov isə üçüncü yerlə kifayətləniblər.
Qızların yarışında Sürayə Tvaradze qalib olub. Veloyürüşün ən gənc iştirakçısı Samirə Orucovaya isə sertifikat təqdim olunub.
Yarışlar başa çatlıqdan sonra Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov veloyürüşlə bağlı fikirlərini bildirdi: "9 Noyabr - Bayraq Günü ilə əlaqədar böyük tədbir keçirdik. Fikrimcə, çox maraqlı yarış oldu. Havanın yağmurlu, soyuq və küləkli olmasına baxmayaraq, yeniyetmə idmançılarımız öz məharətlərini göstərə bildilər. Düşünürəm ki, bu tədbirin yaxın gələcəkdə velosiped idmanının ölkəmizdə daha geniş yayılmasına çox müsbət təsir göstərəcək.
Ölkəmizdə idmanın bütün növləri kimi, velosiped idmanına da diqqət və qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev buyaxınlarda İsmayıllıda səfərdə olarkən velosipedin gözəl idman növü olması ilə yanaşı, həm də çox sərfəli nəqliyyat vasitəsi olduğunu bildirmişdi.  Yarışda 100-dən çox velosipedçi qalib adı uğrunda mübarizə apardı. Qarşıda hələ görülcək işlərimiz çoxdur. Çalışacağıq ki, bu idman növünü ölkəmizdə daha geniş təbliğ edək, bu cür yarışları daha çox keçirək. May ayının 7-11-də ölkəmizdə "Tour d Azərbaidjan” beynəlxalq yarışının ikinci mərhələsi təşkil olunacaq. Turnirdə  peşəkar komandalar yarışacaqlar. Bundan sonra isə velosipedçilərimiz 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcəklər. Avropa oyunlarında velosiped idmanının 3 növü - şose, BMX və dağ idmanı (mountinbayk) üzrə yarışlar keçiriləcək. İdmançılarımız bu yarışlarda mükafatçılar sırasına düşməyə çalışacaqlar. Bu ilin fevral ayından beynəlxalq yarışlarda iştirak etməyə başlayan "Synerji Baku” komandasının üzvləri ötən müddət ərzində 15 dəfə dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq yarışlarda mükafatalayiq yerlər tutublar. Bu isə onu deməyə əsas  verir ki, idmançılarımız mütləq lisenziyalar uğrunda yarışacaqlar. 2016-cı ildə keçiriləcək Olimpiya oyunlarında ölkəmiz layiqincə təmsil olunacaq. Sevindiricidir ki, ölkəmizdə artıq velosipedçilərdən ibarət qadın komandası yaradılıb. İnanırıq ki, qadın komandamız da Olimpiya oyunlarında uğurla yarışacaq”.