Kişi şahmatçlarımız zirvənin bir addımlığında

Kişi şahmatçlarımız zirvənin bir addımlığında





Qadınlar isə fərqli nəticələrlə diqqət çəkir


Noyabrın 8-də Polşanın paytaxtı Varşavada qadınlar və kişilər arasında şahmat üzrə Avropa komanda çempionatı start götürüb. Xəbər verdyimiz kimi, kişilərin turnirində 38 ölkə iştirak edir. Çempionatın iştirakçıları arasında 140 beynəlxalq qrossmeyster və 31 beynəlxalq usta yer alıb.

Aleksandr Xalifmanın kapitanı olduğu komandada Şəhriyar Məmmədyarov (2757), Teymur Rəcəbov (2715), Eltac Səfərli (2663), Rauf Məmmədov (2643) və Qədir Hüseynov (2607) çıxış edir.
Qadınların turnirində 32 komanda iştirak edir. Fikrət Sideifzadənin rəhbərlik etdiyi komandada Gülnar Məmmədova (2354), Xəyalə Abdulla (2255), Nərgiz Umudova (2253),  Türkan Məmmədyarova (2250) və Zeynəb Məmmədyarova (2236) yer alıb.
Kişilərdən ibarət milli komandamız qitə çempionatında ilk görüşündə İsveç komandası ilə qarşılaşıb. Teymur Rəcəbovun Nils Qrandeliusla (2557) görüşü heç-heçə başa çatıb. Eltac Səfərli isə Hans Tikkanenə (2544) uduzub. Rauf Məmmədovun  Emanuel Berqlə (2547) qarşılaşmada itirdiyi yarım xal, yığmanın yekun nəticəsinə də təsir edib. Lakin Qədir Hüseynov Erik Blomqvistlə (2508) görüşdə qazandığı qələbə millimizi ilk görüşdə məğlubiyyətdən qurtarıb - 2:2.
Qadınlardan ibarət yığmamız isə Ukrayna yığması ilə görüşüb. İlk turda şahmatçılarımız yarışın favoritlərindən biri ilə görüşü uğursuz keçirib. Komandamızın liderlərindən Gülnar Məmmədova Katerina Lahnoya (2542), Zeynəb Məmmədyarova Anna Uşeninaya (2492) uduzub. Xəyalə Abdulla Mariya Muziçukun (2491) müqaviməti ilə üzləşib. Komandamıza təsəlli xalını isə Nərgiz Umudova qazandırıb. Xanım şahmatçımız Nataliya Jukovanın (2466) "şah”ını "mat” edib. Bununla da yığmamız ilk görüşü 1:3 hesablı məğlubiyyətlə başa vurub.
İkinci turda komandalarımız Bolqarıstan və İtaliya milliləri ilə üz-üzə gəliblər. Kişi şahmatçıların qitə çempionatında ikinci tur yığmamız üçün uğurlu olub. Bu turda yığmanın kapitanı Aleksandr Xalifman dəyişiklik edib. Belə ki, o, ilk turda əsas heyətdə yer alan Teymur Rəcəbovu Şəhriyar Məmmədyarovla əvəzləyib. Kapitanın bu əvəzləməsi öz bəhrəsini verib. Şəhriyar Məmmədyarov öz komanda yoldaşı Veselin Topalovu (2774) məğlub edib. Qeyd edək ki, hər iki şahmatçı  Avropa çempionatının bürünc mükafatçısı olan "SOCAR-Azerbaıjan”ın heyətində çıxış edirlər. Bolqarıstan millisi ilə görüşdə bu sonuncu qələbə olmayıb. Yığmanın heyətində yer alan şahmatçılarımızdan Rauf Məmmədov Vladimir Petkova (2570) qalib gəlib. Qədir Hüseynov isə qitə yarışında ikinci qələbəsini Petar Arnaudovla (2448) görüşdə qazanıb. Eltac Səfərli isə Bolqarıstan millisinə təsəlli xalını verib. Krasimir Rusevlə (2539) görüşdə tərəflər yarımxalla kifayətləniblər. Komandamız bu turu 3:1 hesablı qələbə ilə başa vurub. Zərif cinsin nümayəndələrinin mübarizəsində yığmamız İtaliya şahmatçılarını sınağa çəkib. Gülnar Məmmədova Elena Sedina (2302) ilə görüşdə yarım xal qazanıb. İlk turda məğlubiyyətlə üzləşən Zeynəb Məmmədyarova Olqa Zimina (2338) ilə görüşdə bunun əvəzini çıxıb. Xəyalə Abdullanı əvəz edən Türkan Məmmədyarova isə ona bəslənilən ümidləri doğrulda bilməyib. Marina Brunello (2248) şahmatçımızla görüşdə qələbə qazanıb. Ukrayna millisi ilə ilk görüşdə öz qələbəsi sayəsində komandamızın aktivinə 1 xal yazdıran Nərgiz Umudovanın çıxışı qələbə üçün kifayət edib. O, Roberta Messina ilə qarşılaşmada (2064) qələbəni əldən verməyib. Bununla da komandamız Apennin təmsilçilərinə 1 xal fərqilə qalib gəlib - 2,5:1,5.
Üçüncü turda Azərbaycan şahmatçıları Polşanın birinci komandasına 2,5:1,5 hesabı ilə qalib gəlib. Kapitan Xalifman bu görüşə daha ciddi heyət yığıb. İlk iki turdan cəmi bir xal qazanan Eltac Səfərli Teymur Rəcəbovla əvəz olunub. İsveçlə görüşdə yarımxal qazanan Teymur bu dəfə  Dariusz Swıercz (2627) ilə görüşdə xal itkisinə məruz qalmayıb. Yığmanın əsas "silahı” olan Şəhriyar Məmmədyarov  növbəti qələbəsini qazanıb. Bartosz Soçko (2261) şahmatçımıza müqavimət göstərə bilməyib. Komandamıza ilk iki turda xal qazandıran Rauf Məmmədovun yorğunluğu özünü göstərib. Mateuş Bartel (2626) təmsilçimizdən güclü olub. Bu tura qədər yığmaya ən çox xal qazandıran Qədir Hüseynov Kamil Mitonla (2597) görüşdən yarımxalla ayrılıb.
Bu turda qadınlaradan iabarət yığma komandamız İspaniya yığması ilə üz-züə gəlib. Şahmat üzrə Avropa çempionatında favoritlərdən sayılmayan ispanlar komandamıza qalib gəliblər - 1:3. Komandanın aparıcı qüvvələrindən biri olan Gülnar Məmmədova bu dəfə də ümidləri doğrulda bilməyib. Olqa Aleksandrova (2427) Gülnara xal verməyib. Zeynəb Məmmədyarova isə Sabrina Veqa Qutierresə (2385) "şah”ını "qurban” verib. Xəyalə Abdulla Anna Matnadze (2373), Türkan Məmmədyarova (2250) isə Yudaniya Hernandes Estevezlə görüşdə heç-heçə ediblər. Bu iki şahmatçının birgə qazandığı 1 xal komandamızın yekunda məğlubiyyətinə mane olmayıb - 1:3.
Aleksandr Xalifmanın kapitanı olduğu komanda növbəti turda macarıstanlı rəqibi ilə görüşüb. Bu görüşdə qalib müəyyənləşməyib - 2:2.           
Birinci lövhədə  millimizin lideri Şəhriyar Məmmədyarov Viktor Erdosla (2658) sülh bağlayıb.
Teymur Rəcəbov - Baloq Csaba (2630), Rauf Məmmədov - Tamas Banusz (2593) və Eltac Səfərli - Zoltan Almasi (2710) qarışlaşmalarında da tərəflər sülhlə razılaşıblar.
Fikrət Sideifzadənin  rəhbərlik etdiyi qadınlardan ibarət  milli komandamız xorvatiyalı rəqibləri ilə yarışıb. Gülnar Məmmədova bu dəfə nisbətən yaxşı çıxış edərək, Borka Fransiskoviçdən (2263) xal ala bilib. Nərgiz Umudovanın İvona Purqar ilə ilə görüşü də heç-heçə ilə yadda qalıb. Məmmədyarova bacıları isə komandamıza qələbə qazandırıblar. Zeynəb Mara Jeliçanı (2252), Türkan isə Kristina Sariçi (2250) məğlubiyyətə uğradıb. Bununla da komandamız bir tur əvvəl üzləşdiyi məğlubiyyəti bu turda qələbə ilə əvəz edib.
Kişi şahmatçılarımız 5-ci turda Çexiya millisini qonaq edib. Şəhriyar Məmmədyarov David Navara (2705) ilə, Teymur Rəcəbov Viktor Lazniçka (2677) ilə, Eltac Səfərli isə Vlastimil Babula (2574) ilə xal bölgüsü aparıb. Varşavada keçirilən qitə çempionatında komandamızın ən məhsuldar şahmatçısı Qədir Hüsyenov isə çexlərin qələbəsinə mane olub. Belə ki, Jiri Stoçeklə (2543) görüşdə əldə olunan qələbə komandamıza uğur qazandırıb - 2,5:1,5                
Həmin turda xanım şahmatçılarımız Fransa millisi ilə münasibətlərə aydınlıq gətirib. Gülnar Məmmədovanın Mari Sebaqa (2510) məğlubiyyəti komandanı çətinə salsa da, digər 3 şahmatçı rəqibə bu imkan verməyib. Xəyalə Abdulla Silvia Kollası (2292), Türkan Məmmədyarova isə Nataşa Benmesbahı (2248) məğlub edib. Zeynəb Məmmədarova isə  Sofii Milledən (2383) yarım xal ala bilib. Yekunda komandamız "xoruzlar ölkəsi”nin yığmasına qalib gəlib - 2,5:1,5.
5 turdan sonra qadınlaradan ibarət yığmamız cədvəldə 9-13-cü yerləri bölüşdürür. İlk üçlükdə isə vahid lider Ukrayna komandasıdır-10 xal. Polşa və Gürcüstan yığmaları isə hərəyə 8 xal toplayıblar.
Kişilərin yarışında isə Fransa yığması 9 xalla zirvədə yer alıb. Azərbaycan, Gürcüstan və Yunanıstan yığmaları isə 8 xalla 2-4-cü yerləri bölüşdürür.
Qeyd edək ki, növbəti turda kişi şahmatçılarımız Gürcüstan, qadın komandamız isə Litva yığması ilə üz-üzə gələcək.
Anar Əhmədov