Kişi və qadınlar cüdoçular arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib. Hövsanda yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) sağlamlıq mərkəzində baş tutan tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Mərasimdə çıxış edən Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov ölkə çempionatının 43-cü dəfə təşkil olunduğunu xatırladıb. O, Azərbaycanda 3500-ə yaxın uşağın cüdo ailəsinə daxil olduğunu bildirib. Nazirlik rəsmisinin sözlərinə görə, bölgələrdə, hətta işğaldan olunmuş Zəngilan rayonunun Ağalı kəndində də cüdo məktəbi fəaliyyət göstərir. E. Məmmədov bu il beynəlxalq yarışlarda 62 cüdoçunun medallar qazandığını söyləyib. O, qeyd edib ki, qadınlar arasında bu idman növünün inkişafı istiqamətində də ciddi addımlar atılır.
Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu isə Azərbaycan çempionatı barədə məlumat verərək, yarışda 26 şəhərdən 300-dən çox cüdoçunun iştirak etdiyini diqqətə çatdırıb. O, bütün planların “Paris-2024” Yay Olimpiya Oyunları üçün qurulduğunu və nüfuzlu yarışda Azərbaycana medal qazandırmaq istədiklərini əlavə edib.
Daha sonra Azərbaycan cüdoçularının builki çıxışları ilə bağlı qısa videoçarx nümayiş etdirilib.
Qeyd edək ki, Azərbaycan çempionatına dekabrın 17-də yekun vurulacaq.