Millimiz yenidən Avropa çempionu titulunu qazandı

Millimiz yenidən Avropa çempionu titulunu qazandı



Kişi şahmatçılarımız son 4 ildə növbəti dəfə fərqləndilər

Noyabrın 7-də Polşanın paytaxtı Varşavada start götürən qadınlar və kişilər arasında şahmat üzrə Avropa komanda çempionatı ayın 18-də başa çatıb. Xəbər verdiyimiz kimi, kişilərin turnirində 38 ölkə komandası iştirak edib. Çempionatda 140 beynəlxalq qrossmeyster və 31 beynəlxalq usta mübarizə aparıb.
Aleksandr Xalifmanın kapitanı olduğu komandada Şəhriyar Məmmədyarov (2757), Teymur Rəcəbov (2715), Eltac Səfərli (2663), Rauf Məmmədov (2643) və Qədir Hüseynov (2607) yer alıblar.
Qadınların turnirində 32 komanda mübarizə aparıb. Fikrət Sideifzadənin rəhbərlik etdiyi komandada Gülnar Məmmədova (2354), Xəyalə Abdulla (2255), Nərgiz Umudova (2253), Türkan Məmmədyarova (2250) və Zeynəb Məmmədyarova (2236) mübarizə aparıblar. Kişilərdən ibarət milli komandamız qitə çempionatının birinci turunda İsveç komandası ilə qarşılaşıb. Teymur Rəcəbovun Nils Qrandeliusla (2557) görüşü heç-heçə başa çatıb. Eltac Səfərli isə Hans Tikkanenə (2544) uduzub. Rauf Məmmədovun Emanuel Berqlə (2547) qarşılaşmada itirdiyi yarım xal yığmanın yekun nəticəsinə də təsir edib. Lakin Qədir Hüseynov Erik Blomqvistlə (2508) görüşdə qazandığı qələbə millimizi Skandinaviya təmsilçisi ilə görüşdə məğlubiyyətdən qurtarıb - 2:2.
Qadınlardan ibarət yığmamız isə Ukrayna yığması ilə görüşüb. İlk turda şahmatçılarımız əks cinsin nümayəndələrinin uğurunu təkrarlaya bilməyiblər. Komandamızın liderlərindən Gülnar Məmmədova Katerina Lahnoya (2542), Zeynəb Məmmədyarova Anna Uşeninaya (2492) "şah”ını qurban verib. Xəyalə Abdulla Mariya Muziçuka (2491) qalib gələ bilməyib. Komandamıza yeganə qələbəni Nərgiz Umudova qazandırıb. O, Nataliya Jukovanı (2466) məğlub edib. Lakin bu nəticə yığmamızın məğlubiyyətinə təsir edə bilməyib-1:3.
İkinci turda komandalarımız Bolqarıstan və İtaliya milliləri ilə üz-üzə gəliblər. Kişi şahmatçıların qitə çempionatında ikinci tur yığmamız üçün uğurlu olub. Bu turda yığmanın kapitanı Aleksandr Xalifman heyətdə oyunçu dəyişikliyinə əl atıb. Belə ki, o, ilk turda əsas heyətdə yer alan Teymur Rəcəbovu Şəhriyar Məmmədyarovla əvəzləyib. Kapitanın bu əvəzləməsi öz bəhrəsini verib. Şəhriyar Məmmədyarov öz komanda yoldaşı Veselin Topalovu (2774) məğlub edib. Qeyd edək ki, hər iki şahmatçı Avropa çempionatının bürünc mükafatçısı olan "SOCAR-Azerbaıjan”ın heyətində çıxış edir. Bolqarıstan millisi ilə görüşdə bu sonuncu qələbə olmayıb. Yığmanın heyətində yer alan şahmatçılarımızdan Rauf Məmmədov Vladimir Petkova (2570) qalib gəlib. Qədir Hüseynov qitə yarışında ikinci qələbəsini Petar Arnaudovla (2448) görüşdə qazanıb. Eltac Səfərli isə Bolqarıstan millisinə təsəlli xalını verib. Krasimir Rusevlə (2539) görüşdə tərəflər yarım xalla kifayətləniblər. Komandamız bu turu 3:1 hesablı qələbə ilə yekunlaşdırıb. Xanım şahmatçılarımız italiyalı rəqibləri ilə üz-üzə gəliblər. Həmin turda Gülnar Məmmədova Elena Sedina (2302) ilə görüşdə yarım xala sevinib. İlk turda məğlubiyyətlə üzləşən Zeynəb Məmmədyarova Olqa Zimina (2338) ilə görüşdə zəif olmadığını sübut edib. Xəyalə Abdulla Türkan Məmmədyarova ilə əvəzlənsə də, məğlubiyyətdən qaçmaq mümkün olmayıb. Marina Brunello (2248) Türkanın fərqlənməsinə şərait yaratmayıb. Ukrayna millisi ilə ilk görüşdə öz qələbəsi sayəsində komandamızın aktivinə 1 xal yazdıran Nərgiz Umudovanın çıxışı qələbə üçün kifayət edib. O, Roberta Messina ilə qarşılaşmada (2064) güclü olub. Bununla da komandamız Apennin şhamatçılarına 1 xal fərqi ilə qalib gəlib - 2,5:1,5.
Üçüncü turda Azərbaycan şahmatçıları Polşanın birinci komandasına 2,5:1,5 hesabı ilə qalib gəliblər. Kapitan Aleksandr Xalifman bu görüşə daha ciddi heyət yığıb. İlk iki turda cəmi bir xal qazanan Eltac Səfərli Teymur Rəcəbovla əvəz olunub. İsveçlə görüşdə yarım xal qazanan Teymur bu dəfə Dariusz Svıerz (2627) ilə görüşdə xal itkisinə məruz qalmayıb. Yığmanın əsas "silahı” olan Şəhriyar Məmmədyarov növbəti qələbəsini qazanıb. Bartosz Soçko (2261) şahmatçımıza müqavimət göstərə bilməyib. Komandamıza ilk iki turda xal qazandıran Rauf Məmmədovun yorğunluğu özünü göstərib. Mateuş Bartel (2626) təmsilçimizdən güclü olub. Bu tura qədər yığmaya ən çox xal qazandıran Qədir Hüseynov Kamil Mitonla (2597) görüşdən yarım xalla ayrılıb.
Bu turda qadınlardan ibarət yığma komandamız İspaniya yığması ilə qarşılaşıb. Şahmat üzrə Avropa çempionatında favoritlərdən sayılmayan ispanlar komandamıza qalib gəliblər - 1:3. Komandanın aparıcı qüvvələrindən biri olan Gülnar Məmmədova bu dəfə də ümidləri doğrulda bilməyib. Olqa Aleksandrova (2427) ona xal verməyib. Zeynəb Məmmədyarova isə Sabrina Veqa Qutierresə (2385) məğlub olub. Xəyalə Abdulla Anna Matnadze (2373), Türkan Məmmədyarova (2250) isə Yudaniya Hernandes Estevezlə görüşdən yarım xalla ayrılıb. Bu iki şahmatçının birgə qazandığı 1 xal komandamızın yekunda məğlubiyyətinə mane olmayıb - 1:3.
Aleksandr Xalifmanın kapitanı olduğu komanda növbəti turda macarıstanlı rəqibi ilə görüşüb. Bu görüşdə qalib müəyyənləşməyib - 2:2.
Birinci lövhədə millimizin lideri Şəhriyar Məmmədyarov Viktor Erdosla (2658) "sülh bağlayıb”.
Teymur Rəcəbov - Baloq Csaba (2630), Rauf Məmmədov - Tamas Banusz (2593) və Eltac Səfərli - Zoltan Almasi (2710) qarışlaşmalarında da qalib müəyyənləşməyib.
Fikrət Sideifzadənin rəhbərlik etdiyi qadınlardan ibarət milli komandamız xorvatiyalı rəqibləri ilə yarışıb. Gülnar Məmmədova bu dəfə nisbətən yaxşı çıxış edərək, Borka Fransiskoviçdən (2263) xal ala bilib. Nərgiz Umudovanın İvona Purqar ilə görüşü də heç-heçə ilə yadda qalıb. Məmmədyarova bacıları isə komandamıza qələbə qazandırıblar. Zeynəb Mara Jeliçanı (2252), Türkan isə Kristina Sariçi (2250) məğlub edib. Bununla da komandamız bir tur əvvəl üzləşdiyi məğlubiyyətin əvəzini "damalılardan” çıxıb.
Kişi şahmatçılarımız 5-ci turda Çexiya millisini sınağa çəkiblər. Şəhriyar Məmmədyarov David Navara (2705) ilə, Teymur Rəcəbov Viktor Lazniçka (2677) ilə, Eltac Səfərli isə Vlastimil Babula (2574) ilə heç-heçə edib. Polşa paytaxtında keçirilən qitə çempionatında komandamızın ən məhsuldar şahmatçısı Qədir Hüsyenov çexlərin qələbə qazanmaması üçün əlindən gələni əsirgəməyib. Belə ki, Jiri Stoçeklə (2543) görüşdə əldə olunan qələbə komandamıza uğur qazandırıb - 2,5:1,5
Həmin turda xanım şahmatçılarımız Fransa millisi ilə münasibətlərinə aydınlıq gətiriblər. Gülnar Məmmədovanın Mari Sebaqa (2510) məğlubiyyəti komandanı çətinə salsa da, digər 3 şahmatçı rəqibinə güzəştə getməyib. Xəyalə Abdulla Silvia Kollası (2292), Türkan Məmmədyarova Nataşa Benmesbahı (2248) məğlub edib. Zeynəb Məmmədarova isə Sofii Milledən (2383) yarım xal ala bilib. Yekunda komandamız "xoruzlar ölkəsi”nin yığmasına qalib gəlib - 2,5:1,5.
6-cı turda komandamız Avropa çempionatı çərçivəsində Gürcüstan milli komandasını qəbul edib. Kapitan Xalifman 6-cı turda komandamızın məhsuldar şahmatçısı olan Qədir Hüseynova istirahət verib. Bu görüşdə yığmamız qələbəni əldən verməyib. Gürcülərlə görüşdə əldə olunan qələbə yekun nəticə üçün həlledici olub. Belə ki, Şəhriyar Məmmədyarov baadur Cobavanı (2695) məğlubiyyət əuğradıb. Rauf Məmmədov isə Qayoz Niqalidze (2494) görüşün qalibi olub. Teymur Rəcəbov mixeil Mixedlişvili (2631) ilə görüşdə yarım xal ilə kifayətlənib. eltac Səfərlinin Levan Pantsula (2595) ilə görüşündə də qalib müəyyənləşməyib. Yekunda yığmamız 3:1 hesablı qələbəyə sevinib. Qadınlardan ibarət komandamız isə rəqibləri ilə görüşdə xal itkisini sıralayıb. Litvalı şahmatçılar ilə qarşılaşmada Zeynəb Məmmədyarova Viktoriya Çmelitlə (2506) görüşü məğlubiyyətlə başa vurub. Türkan isə Salomeja Zakzayteyə (2200) uduzub. Xəyalə Abdulla Deymant Daultla (2336) görüşdə heç-heçəyə razılaşıb. Komandamıza yeganə qələbəni yenə də Nərgiz Umudova qazandırıb. Yığmanın əsas qələbə ümidi olan Nərgiz litvalı Dominika Batkovskayte (2111) ilə görüşdə qələbəni əldən verməyib. Yığmamız bu görüşdə məğlubiyyətlə barışmalı olub -1,5:2,5.
Avropa çempionatında çempionluğa əsas namizədlərdən biri olan Fransa yığması 7-ci turda komandamızın qonağı olub. Bu yığmaların görüşündə qalib gələn tərəf qitə çempionluğuna daha bir addım yaxınlaşacaqdı. Milli komandamızın əsas liderlərindən Şəhriyar Məmmədyarov Etyen Bakro (2749) ilə, Teymur Rəcəbov isə Maksim Vaşye-Laqrav (2742) ilə xal bölgüsünə razılaşıb. Rauf Məmmədov Romain Eduarda (2653) qalib gəlib. Lakin yığmamız güclü rəqibi ilə mübarizədə bu üstünlüyü qoruya bilməyib. Keçirilən turlarda rəqiblərindən xal almağı bacaran Qədir Hüseynov Vladislav Tkaçevə (2637) məğlub olub. Bununla da yığmamız əsas rəqiblərindən olan Fransa yığması ilə "sülh bağlayıb” -2:2.
7-ci turda qadınlardan ibarət yığma komandamız Holldandiya şahmatçıları ilə üz-üzə gəlib. Zeynəb Məmmədyarovanın Tea Lançava (2289) ilə görüşdə qələbəsi komandamızı ümidləndirib. Gülnar Məmmədova Zaoqin Penq (2378) ilə qarşılaşmada yığmamızın xal ehtiyatını heç-heçə ilə artırıb. Lakin digər iki şahmatçımız "zanbaqlar ölkəsi”nin təmsilçilərinə uduzublar. Belə ki, Xəyalə Abdulla Anne Haasta (2262) məğlub olub. Nərgiz Umudova isə əmsal baxımından güclü olduğu Arlet Van Ueersel (2180) ilə görüşü məğlubiyyətlə başa vurub. Bununla da komandamız daha bir məğlubiyyətlə barışmalı olub -1,5:2,5. Kişilərdən ibarət komandamızın növbəti rəqibi Yunanıstan komandası olub. Avropa çempionatının favoritlərindən hesab olunan "qədim ellada”lılar şahmatçılarımızın liderliyinə mane ola bilməyiblər. Sona bir tur qalmış kişilərdən ibarət yığmamız Yunanıstan komandasına qalib gəlib - 2,5:1,5. Maraqlıdır ki, oyunda qələbə üçün bir şəxsi qalibiyyət kifayət edib. Şəhriyar Məmmədyarov Hristos Banikasla (2633), Teymur Rəcəbov İoannis Papaioannu (2639) ilə, Eltac Səfərli isə Dmitrios Mastrovasilislə (2589) qarşılşmada yarım xala kifayətləniblər. Rauf Məmmədovun Vasilios Kotroniasla (2564) görüşündəki üstünlüyü isə yığmamızın qələbəsinə şərait yaradıb.
Fikrət Sideifzadənin rəhbərliyi altında çıxış edən xanım şahmatçılarımız Varşavada növbəti qələbəni qazanıb. İngiltərə millisi ilə görüşdə zəriflərimiz təşəbbüsü əldən verməyiblər - 2,5:1,5. Həmin turda Gülnar Məmmədova Sabrina Sevannesi (2200) məğlubiyyətə uğradıb. Xəyalə Abdulla Meri Qriqoryana (2039) xal verməyib. Türkan Məmmədyarova isə Kanval Batya (2039) ilə sülh bağlayıb. Zeynəb Məmmədyarova Anya Korke (2276) ilə görüşdə "şah”ını qurban verib. Lakin bu yekun nəticəyə, daha doğrusu qələbəyə mane olmayıb.
Kişilərdən ibarət komandamızın çempionluq üçün son görüşü daha maraqlı və prinsipial olub. Şahmatçılarımız həlledici turda Ermənistan şahmatçıları ilə üz-üzə gəliblər. Şəhriyar Məmmədyarov birinci lövhədə Levon Aronyanla üz-üzə gəlib. Bu cütun qarşılaşmasında qalib müəyyənləşməyib. Daha üç görüş də eyni hesabla başa çatıb. Teymur Rəcəbov - Sergey Movsesyan (2700), Rauf Məmmədov -Vladimir Akopyan (2681) və Qədir Hüseynov - Qabriel Sarkisyan (2676) görüşündə qalib müəyyənləşməyib.
Kişilərdən ibarət milli komandamız Avropa çempionatında 14 xal əldə edərək, şəriksiz çempion adını qazanıb. Fransa, Ermənistan və Rusiya komandaları hərəyə 13 xal toplayaraq, 3-4-cü yerləri bölüşdürüblər. Ukrayna komandası 15,2 xalla qadınlardan ibarət komandalar arasında Avropa çempionu olub. Rusiya və Polşa komandaları hərəyə 14 komanda xalı toplayıblar.
Qadınlardan ibarət Azərbaycan millisi isə 20-ci yeri tutub. Məlumat üçün bildirək ki, kişilərdən ibarət Azərbaycan yığması 2009-cu ildə Avropa komanda çempionatında qalib gəlib. 2011-ci ildə isə yalnız Almaniya yığmasından geri qalaraq ikinci yeri tutub.