Şamaxı şahmatçılarının uğurları

Şamaxı şahmatçılarının uğurları


Noyabrın 9 -16-da Şamaxı şahmat məktəbində Bayraq Günü, Konstitisiya Günü və Milli Dirçəliş Gününə həsr olunmuş şahmat turniri keçirilib. Turnirdə 92 məktəbli şahmatçı mübarizə aparıb. Yarışdan əvvəl iştirakçılar Heydər Əliyev parkında ümummilli liderin abidəsi önünə tər çiçəklər düzüblər.

İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət yarışda 5 yaş qrupu üzrə qaliblər müəyyənləşib. 9 turdan 8 xal toplayan Niyaz Məmmədov (şəhər 2 saylı tam orta məktəbin IX sinif şagirdi) turnirin qalibi adını qazanıb. Müvafiq yaş qruplarında Səbinə Seyidzadə (8 yaş), Nəzrin Əhmədova (10 yaş), Səfiyyə Əlləzova (12 yaş), İzzət Ağayeva (14 yaş), Arzum Abdullayeva (16 yaş) rəqiblərindən üstün olublar. Oğlanlar arasında isə Mirəziz Babayev (8 yaş), Mənsur Sərxanov (10 yaş), Asim Sərxanov (12 yaş), Rəfael Məmmədov (14 yaş), Süleymanov Süleyman (16 yaş) çempion adını qazanıblar. Yarışlarda ilk üç yeri tutan şahmatçılara diplomlar və hədiyyələr təqdim olunub. Bundan başqa, təsnifat xarakterli yarışda şahmatçılara müvafiq idman dərəcələri də verilib.
Xatırladaq ki, noyabr ayının əvvəllərində Bakı şəhərində keçirilən uşaq - gənclər şahmat məktəbləri komandalarının Azərbaycan çempionatında da Şamaxının şahmat komandası - 3 oğlan, 1 qız (Niyaz Məmmədov, Ülvi Xudiyev, Asim Sərxanov, İlahə Xudiyeva) keçən il olduğu kimi bu il də uğurla çıxış ediblər. Komandamız  Şəki komandası ilə 5-6-cı yerləri bölüşdürüb və Bakı məktəblərindən sonra ən yaxşı nəticə göstərib. III taxtada çıxış edən Asim Sərxanov isə 9 mümkün xaldan 7 xal toplayaraq bürünc medala layiq görülüb. Şahmatçıların dördü də baş məşqçi - müəllim Yaşar Məmmədovun yetirməsidir.