Ölkəmizdə dövlət siyasətinin prioritetləri arasında idmana diqqət ən mühüm yerlərdən birini tutur. Ulu öndər Heydər Əliyevin idman sahəsində müəyyənləşdirdiyi strateji vəzifələr bu gün ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Bu gün dövlət başçısının göstərdiyi diqqət və qayğının və həyata keçirdiyi nəhəng layihələrin nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi şöhrət qazanıb. Bu barədə İdman TV-nin hazırladığı reportajda söz açılıb. Qeyd olunub ki, ötən 30 il ərzində Azərbaycanın idman infrastrukturu yenilənərək müasir standartlara cavab verən səviyyəyə çatdırılıb. Məhz idmanın və Olimpiya Hərəkatının kütləviliyinin artırılmasında və sağlam həyat tərzinin təbliğində Milli Olimpiya Komitəsinin də mühüm xidmətləri olub. İdman TV-də Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə idmanın və Olimpiya Hərəkatının inkişaf yolu ilə bağlı danışıb:
“Möhtərəm cənab İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Həmin dövrdən demək olar ki, Azərbaycan idmanının və Olimpiya Hərəkatının intibah dövrü başladı. Ötən bu müddət ərzində Azərbaycan bir idman ölkəsi kimi özünü bütün dünyaya tanıtdı. Azərbaycanda bir çox beynəlxalq yarışlar keçirildi. Avropa Oyunları, İslam Oyunları, dünya və Avropa çempionatları təşkil olundu. Ölkəmizin uğurla ev sahibliyi etdiyi mühüm idman tədbirlərinin hamısı beynəlxalq idman aləmində yüksək qiymətləndirilib.”
Milli Olimpiya Komitəsinin vitse-prezidenti müsahibəsində Azərbaycan idmançılarının Olimpiya Oyunlarında göstərdiyi yüksək nailiyyətlərə də toxunub: “Sidney-2000, Afina-2004, Pekin-2008, London-2012 və Rio-2016 Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları uğurla çıxış etdilər. Ölkəmiz indi Olimpiya Hərəkatının ən fəal üzvü kimi tanınır. Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev bu müddət ərzində Azərbaycanda Olimpiya Hərəkatının ən yüksək zirvəyə çatması üçün çox əmək sərf edib, çox işlər görüb. Eyni zamanda Azərbaycanda idmançı statusunun yüksəlməsinə xüsusi diqqət yetirib. Dövlət başçısı hər il idmançılar ilə görüşür, onların bütün problemləri ilə tanış olur və bu görüşlər idmançılar, məşqçilər və mütəxəssislərin sosial həyatında çox mühüm rol oynayır. İlk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, habelə Avropa Gənclər Olimpiya Festivalı və digər yarışlar idmanımızın ən parlaq səhifələri kimi tarixə yazılıb. Prezident İlham Əliyevlə yanaşı bu oyunların Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva da müvafiq yarışların uğurla həyata keçirilməsində müstəsna xidmət göstərib” - deyə Çingiz Hüseynzadə bildirib.
Sənədli filmin sonunda qeyd olunub ki, Azərbaycanın sosial həyatında, o, cümlədən idman aləmində yeni inkişaf mərhələsi başlanır. Yaxın gələcəkdə işğaldan azad olunan doğma Qarabağımızda yeni idman qurğuları tikiləcək. Həmin ərazilərdə dünya və Avropa çempionatları keçiriləcək. Bununla bağlı artıq ilk tədbirlər görülüb. Şuşada velomarafon və şahmat, Zəngilanda triatlon, Suqovuşanda avarçəkmə idman növü üzrə beynəlxalq yarışlar artıq illik idman təqviminə daxil edilib. Bütün bunlar belə əminlik yaradır ki, Milli Olimpiya Komitəsi İlham Əliyevin rəhbərliyi ilə hər zaman Olimpiya ideallarına sadiq qalacaq. MOK ümumdünya idman hərəkatının ən fəal üzvlərindən biri kimi Zəfər səlnaməsinə yeni yeni səhifələr yazacaq.