Xəbər verdiyimiz kimi, mayın 2-də İsveçrənin Lozanna şəhərində Olimpiya Həmrəyliyi Fondunun, ABŞ Olimpiya və Paralimpiya Komitəsinin və Azərbaycan Milli Olimpiya Komitəsinin birgə əməkdaşlığı ilə Məşqçiliyin Təkmilləşdirilməsi üzrə Beynəlxalq Sertifikasiya Proqramı (ICECP) təşkil edilib. Proqramda ölkəmizi təmsil edən məşqçi Ayan Xankişiyeva Təhlükəsiz idman (Safe Sport) sahəsi üzrə sertifikata layiq görülüb. Gənc mütəxəssis əldə etdiyi bu nailiyyətlə bağlı fikirlərini və səfər təəssüratlarını “Olimpnews.az” saytı ilə bölüşüb.
“Bu sertifikatı almaq mənim üçün qürurvericidir. Uğura çatmaq üçün böyük bir yol qət etmişəm. Belə ki, ötən il aprel ayının 8-dən etibarən ABŞ-ın müxtəlif ştatlarında və İsveçrənin Lozanna şəhərində keçirilən beynəlxalq təlim sessiyalarına qoşulmuşam. Həmin müddətdə ABŞ-da təcrübə prosesi zamanı bu sahə ilə yaxından tanış oldum. Gənc mütəxəssis kimi ABŞ-la Avropanın oxşar və fərqli cəhətlərini bir daha hiss etdim. Sevindirici haldır ki, bu sertifikatı mənə şəxsən Lozannada Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax təqdim edib. Hazırda Milli Olimpiya Komitəsi ilə birlikdə bu layihənin ölkə miyqasında təbliğatı üzərində işləyirik. Məqsədimiz bütün idman növlərində təhlükəsiz bir mühitin yaradılmasıdır. Hesab edirəm ki, bu sertifikat mənə gələcəkdə bu sahədə daha böyük işlər görməkdə vasitəçi olacaq”, - deyə Ayan Ağakişiyeva bildirib.
Qeyd edək ki, gənc mütəxəssisin bu nailiyyəti Azərbaycanda təhlükəsiz idmanın təşviqi və mütəxəssis bazasının genişləndirilməsi sahəsində atılan mühüm addımlardan biri kimi qiymətləndirilir. Azərbaycan bu istiqamətdə sistemli şəkildə çalışan və qabaqcıl yanaşmalar tətbiq edən ölkələrdəndir.
Ayan Ağakişiyeva: “Uğura çatmaq üçün böyük bir yol qət etmişəm”
