Aprelin 19-da Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Baham adaları Olimpiya Komitəsinin ilk qadın vitse-prezidenti, "idmanda qadınlar" təşkilatının sədri və Baham adaları Gimnastika Federasiyasının prezidenti Kora Valderine Hepburnla görüş olub.
Görüşdə Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov və MOK-un beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov iştirak ediblər.
Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev qonağı salamlayaraq, MOK-un beynəlxalq idman əlaqələrindən danışıb. O, bu əlaqələrin hər zaman yüksək səviyyədə olduğunu diqqətə çatdıraraq, Azərbaycan idmançılarının beynəlxalq arenalarda əldə etdiyi uğurlar barədə də qonağa məlumat verib.Azər Əliyev idmançılarımızın Paris-2024 Yay Olimpiya Oyunlarına 17 lisenziya qazandığını deyərək bu yaxınlarda ölkə idmanı tarixində qadınlardan ibarət 3x3 basketbol komandamızın da ilk dəfə olimpiadada iştirak etmək hüququ əldə etdiyi vurğulayıb.
Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti Kora Valderine Hepburn isə görüş zamanı ikinci dəfə ölkəmizdə olduğunu qeyd edib.Baham adaları Olimpiya Komitəsinin fəaliyyəti barədə məlumat verən qonaq, həmçinin ölkəsini təmsil edən idmançıların da Paris Olimpiadasına lisenziya qazandığını bildirib.O, Baham Olimpiya komandasının Yaponiyadakı nümayəndəliyinin ilk rəhbəri, eyni zamanda Paris-2024 Yay Olimpiya Oyunlarınıda da ölkəsinin nümayəndə heyətinin rəhbəri olduğunu diqqətə çatdırıb.
İki ölkə arasında idman sahəsi üzrə qarşılıqlı əməkdaşlığın perspektivlərinin müzakirə olunduğu gürüşün sonunda Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti Kora Valderine Hepburna MOK-un xatirə hədiyyəsini təqdim edib.
Görüşün sonunda xatirə fotosu çəkilib.