“Milli Olimpiya Komitəsinin təsis etdiyi “İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı”ının keçirilməsi müxtəlif qurumlar, o cümlədən televiziyalar və federasiyalar üçün motivasiyadır”.
Bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.
O, qeyd edib ki, ilk dəfə 2022-ci ildə təşkil olunan film festivalı MOK-un 30 illik yubileyinə həsr olunmuşdu.
“İlk film festivalı uğurlu olduğu üçün qərara aldıq ki, hər iki ildən bir belə bir layihə həyata keçirək. Çünki bir il ərzində kifayət qədər materialın toplanması və ərsəyə gəlməsi mümkün deyil. Biz yalnız yeni materialları qəbul edirik”, - deyə Çingiz Hüseynzadə vurğulayıb.
MOK-un vitse-prezidenti festivalın əhəmiyyəti barədə də danışıb. O, Milli Olimpiya Komitəsinin Azərbaycanda olimpizmin, Olimpiya ideallarının, ümumiyyətlə, idmanın inkişafına yönəlmiş fəaliyyət göstərdiyini qeyd edərək, bu fəaliyyətin idmanın təbliğatı üçün çox vacib olduğunu deyib.
“Ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil edən idmançılara və idmanımıza həsr olunmuş video materiallar az olduğuna görə müəyyən problemlərlə üzləşirik. Bu film festivalı belə çətinlikləri də aradan qaldıracaq. Bu gün KİV-lər idmanın və Olimpiya hərəkatının təbliğinə kifayət qədər yer ayırır. Bu sahədə idman kanalları fəaliyyət göstərir. Digər telekanallarda da idman proqramlarına geniş yer ayrılır.
Bununla da Azərbaycan idmanı yüksək səviyyədə təbliğ olunur. Bu təbliğatı daha da genişləndirmək məqsədi ilə idman filmləri festivalını təsis etməyi və iki ildən bir keçirməyi məqsədəuyğun saydıq”, - deyə Çingiz Hüseynzadə bildirib.