Azərbaycan Cüdo Federasiyası (ACF) yanvarın 20-dən 24-dək Dan dərəcələrinin verilməsinə həsr olunmuş seminar və imtahan təşkil edib.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, ölkədə bir ilk olan bu təşəbbüs Azərbaycanda cüdo məşqçiliyinin gələcəyinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir.
Seminarın əsas məqsədi Dan sisteminə uyğun olaraq cüdo üzrə məşqçilərin bacarıqlarını qiymətləndirmək və müəyyən etməkdir. Həmçinin, Dan dərəcələri üzrə seminarın və imtahanın keçirilməsi məşqçilərin motivasiyasına müsbət təsir göstərəcək, onların peşəkar bacarıqlarını daim artırmağa həvəsləndirəcəkdir.
Seminar və imtahanı uğurla başa vurduqdan sonra iştirakçılara müvafiq Dan dərəcəsi üzrə bilik və bacarıqlarını təsdiq edən sertifikat veriləcək. Qeyd edək ki, seminarda 50 cüdo məşqçisi iştirak edir və seminar Türkiyə Cüdo Federasiyasının Təhsil Direktoru, Avropa Cüdo Birliyinin Kata Komissiyasının üzvü Mehmet Yılmaz tərəfindən aparılır.
ACF bundan sonrada davamlı öyrənmə üçün platforma təmin edərək, məşqçilərinin bacarıq və təcrübələrini artırmaq üçün Dan dərəcələri üzrə seminar və imtahan təşkil edəcəkdir.