Portuqaliyanın Odivelaş şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirinə yekun vurulub. Turnirin sonuncu yarış günündə daha üç idmançımız tatami üzərinə çıxıb. Təmsilçilərimizdən yalnız Elcan Hacıyev yarışı medalla başa vurub. 90 kq çəki dərəcəsində yer alan idmançımız üçüncü yer uğrunda görüşdə israilli Quy Qurevitçə qalib gələrək bürünc medala sahib çıxıb.
Beləliklə, yarışa 16 (11 kişi, 5 qadın) idmançı ilə yollanan Azərbaycan komandası turniri 1 gümüş və 4 bürünc medalla başa vurub. Komandamızın heyətində əvvəlki yarış günlərində Yaşar Nəcəfov (66 kq) gümüş, Turan Bayramov (60 kq), Kamran Süleymanov (66 kq) və Səid Mollayi (81 kq) isə bürünc medal qazanıb.
Qeyd edək ki, Qran-Pri turnirində 90 ölkədən 624 (344 kişi, 280 qadın) idmançı qalib adı uğrunda mübarizə aparıb.