Əfsanəvi keçmiş basketbolçu Maykl Cordanın altı idman ayaqqabısı kolleksiyası hərracda 8 milyon dollardan çox qiymətə satılıb. Satılan dəstlər arasında “Air Jordan VI” (1991), “Air Jordan VII” (1992), “Air Jordan VIII” (1993), “Air Jordan XI” (1996), “Air Jordan XII” (1997) və “Air Jordan XIV” (1998) idman ayaqqabıları yer alıb. “Çikaqo Bulls”da Cordan bu ayaqqabıları geyinərək, altı NBA Finalında qalib gəlib. Satılan ayaqqabıların bəzilərində basketbolçunun avtoqrafı da var.
ESPN xəbər verir ki, lotun yekun qiyməti 8 032 800 dollar olub. Bu məbləğ əvvəllər idman yarışlarında geyilən idman ayaqqabılarının satışı üzrə dünya rekordudur.
Qeyd edək ki, Maykl Cordan 1984-2003-cü illərdə Milli Basketbol Assosiasiyasında (NBA) oynayıb. Karyerası ərzində o, altı dəfə NBA çempionluğunu qazanıb.