Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində ikinci yarış gününə yekun vurulub. Komandamız günü bir gümüş medalla başa vurub. Təmsilçilərimizdən 81 kq çəki dərəcəsində mübarizə aparan Zelim Tçkayev Komor adaları, Portuqaliya, Birləşmiş Ərəb Əmirlikləri və Kanadadan olan rəqibləri üzərində qələbə qazanaraq finala yüksəlib.
Həlledici görüşdə belçikalı Matias Kasselə uduzan idmançı fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Millinin digər üzvləri Rəşid Məmmədəliyev, İbrahim Əliyev (hər ikisi 73 kiloqram) və Səid Mollayi (81 kiloqram) isə uğursuz nəticə göstəriblər.
Qeyd edək ki, 107 ölkədən 621 (365 kişi, 256 qadın) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan komandası 5 çəki dərəcəsində 9 idmançı ilə təmsil olunur.
“Böyük Dəbilqə” turnirinə fevralın 4-də yekun vurulacaq.