Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə Türkiyə Dopinq Nəzarəti Mərkəzi arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.
Əməkdaşlıq çərçivəsində AMADA-nın Test şöbəsinin əməkdaşları Mərkəzin Ankarada yerləşən laboratoriyasının fəaliyyəti ilə tanış olublar.
Qonaqları salamlayan Mərkəzin direktoru professor Emirhan Nemutlu milli və beynəlxalq səviyyəli Azərbaycan idmançılarının nümunələrinin hansı formada yoxlanılması barədə ətraflı məlumat verib. Həmçinin qonaqlar nümunələrin qəbulu, şöbələrin fəaliyyət istiqamətləri, müasir tələblərə cavab verən avadanlıq və onların funksiyaları barədə məlumatlandırılıblar. Nümunələrin saxlanma müddəti və formaları barədə danışan Emirhan Nemutlu birgə əməkdaşlığın qlobal antidopinq siyasətinin inkişafına yeni imkanlar açacağını vurğulayıb: “Hər bir nümunəyə ayrıca diqqət ayrılır. Yoxlanma prosesi həmişə nəzarət altında olur. Proses, ümumilikdə, Ümumdünya Antidopinq Agentliyinin (WADA) tələb və standartları əsasında həyata keçirilir”.
Yüksək qonaqpərvərliyə görə, minnətdarlıqlarını bildirən AMADA-nın əməkdaşları birgə fəaliyyətin ölkələrimiz arasında antidopinq siyasətinin inkişafına töhfə verəcəyini, təmiz və ədalətli idman prinsiplərinin vacibliyinin əhəmiyyətini diqqətə çatdırıblar.
AMADA ilə Türkiyə Dopinq Nəzarəti Mərkəzi arasında əməkdaşlıq perspektivləri müzakirə edilib