Şahmat üzrə kişilərdən ibarət Rusiya yığma komandasının qarşısına Türkiyənin Antalya şəhərində keçiriləcək dünya çempionatında ilk üç yerdən birini tutmaq vəzifəsi qoyulub. Rusiya yığmasının baş məşqçisi, beynəlxalq qrossmeyster Yevgeni Bareyev yerli mətbuatla qarşıdan gələn komanda mundialı barədə fikirlərini bölüşüb.
"Bilirsiniz ki, biz qələbə uğrunda mübarizədə rəqiblərimizi daim qiymətləndiririk. Lakin artıq həqiqətin gözünün içinə baxmaq lazımdır: son beş iri turnirdə qalib gəlməmişik. Hansı rəqabətdən söhbət gedə bilər? Biz özümüz rəqabətə davamlıyıqmı? Komandanın qarşısına yaxşı oynamaq, layiqli görünmək və liderlərə qarşı mübarizə aparmaq məqsədi qoyulmuşdur. Təbii ki, RF-nin İdman Nazirliyi qarşıya ilk üç yerdən birini tutmaq vəzifəsi qoyur. Alınacaqmı? Bunu demək çətindir”.
Azərbaycan yığmasını Rusiyanın əsas rəqiblərindən biri adlandıran Yevgeni Bareyev deyib: "Avropa çempionatında qələbədən sonra xoş əhval-ruhiyyədə olan Azərbaycan komandası yeni zirvəyə can atacaqdır”.
Xatırdalaq ki, dünya komanda çempionatı noyabrın 24-də start götürüb. Dekabrın 6-dək davam edəcək yarışda Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Hollandiya, Almaniya, ABŞ, Çin, Ermənistan, Misir yığmaları dairəvi sistemlə oynayacaq.
Azərbaycan komandasının tərkibinə Eltac Səfərli, Rauf Məmmədov, Qədir Hüseynov, Nicat Məmmədov və Vasif Durarbəyli daxildir.