Komandamız qələbələri sıralayır

Komandamız qələbələri sıralayır


Türkiyənin Antalya şəhərində şahmat üzrə komanda dünya çempionatı başlanılıb. Çempionatda dünyanın şahmat üzrə 10 ən güclü kişi komandası mübarizə aparır. Qeyd edək ki, Azərbaycan komandası bu çempionatda Beynəlxalq Şahmat Federasiyası prezidentinin xüsusi dəvəti ilə iştirak edir. Turnirə Ermənistan yığması, habelə dörd qitəni təmsil edən nominantlar - Almaniya, ABŞ, Çin və Misir komandaları da dəvət ediliblər.
Rusiya, Ukrayna və Hollandiya yığmaları 2012-ci il Şahmat Olimpiadasının yekunlarına əsasən dünya çempionatında oynamaq hüququ qazanıblar. Türkiyə yığması isə çempionatda ev sahib kimi təmsil olunur.
Antalyada Azərbaycan yığmasının heyətində Eltac Səfərli, Rauf Məmmədov, Qədir Hüseynov, Nicat Məmmədov və Vasif Durarbəyli çıxış edir.
Püşkatmanın nəticələrinə əsasən Azərbaycan komandası 9-cu nömrə ilə çıxış edir. Digər komandaların nömrələri belədir: 1-Almaniya, 2-Türkiyə, 3-Hollandiya, 4-Ukrayna, 5-Rusiya, 6-Ermənistan, 7-ABŞ, 8-Çin və 10-Misir.
Türkiyə-Azərbaycan matçında Rauf Məmmədov - Aleksandr İpatov, Eltac Səfərli - Draqan Solak, Nicat Məmmədov - Mustafa Yılmaz və Vasif Durarbəyli - Barış Essen cütlükləri yarışıblar. Bu görüşdə komandamız qələbəni əldən verməyib - 1,5:2,5
İkinci turda komandamız Hollandiya yığması ilə qarşılaşıb. Birinci lövhədə Rauf Məmmədov Aniş Qiri ilə qarşılaşıb. Digər lövhələrdə Eltac Səfərli - Lyuk Van Veli, Nicat Məmmədov - İvan Sokolov və Qədir Hüseynov - Ervin L Ami cütlükləri üz-üzə gəliblər. "Zanbaqlar ölkəsi”nin komandası ilə qarşılaşmada yığmamız Avropa çempionu adına layiq mübarizə aparıb - 3:1.
Növbəti turda millimiz Ukrayna yığması ilə qarşılaşacaq. Qeyd edək ki, dekabrın 5-dək davam edəcək turnirdə dekabrın 1-i istirahət günü olacaq. Komandalar qələbəyə görə 2 xal, heç-heçəyə görə 1 xal alır. Xallar bərabər olduqda ilk növbədə bütün lövhələr üzərində qazanılmış xalların sayı, sonra şəxsi görüşlərin nəticələri və nəhayət, Berger əmsalı nəzərə alınır.
Oyunlarda nəzarət vaxtı belə müəyyən edilib: ilk 40 gediş üçün 90 dəqiqə, partiya başa çatana qədər hər gediş üçün əlavə 30 saniyə əlavə edilməklə 30 dəqiqə.
Xatırladaq ki, şahmat üzrə dünya komanda çempionatları 1985-ci ildən keçirilir. Bu yarış Şahmat olimpiadaları ilə yanaşı, yığma komandaların əsas şahmat turniri hesab edilir. 2005-ci ilə qədər komanda dünya çempionatları dörd ildə bir dəfə, sonra isə 2010-cu və 2011-ci illərdə keçirilib.
Qadınlar arasında komanda dünya çempionatı 2007-ci ildən başlayaraq iki ildə bir dəfə təşkil edilir.

1-ci tur
Almaniya - Misir - 2,5-1,5
Turkiyə - Azərbaycan - 1,5-2,5
Hollandiya - Çin - 1,5-2,5
Ukrayna - ABŞ - 2,5-1,5
Rusiya - Ermənistan - 2:2

2-ci tur
Misir - Ermənistan - 1:3
ABŞ - Rusiya - 3:1
Çin - Ukrayna - 1,5-2,5
Azərbaycan - Hollandiya -3:1
Almaniya - Turkiyə - 3:1

2 turdan sonra turnir cədvəli:
1-3. Azərbaycan, Almaniya, Ukrayna - 4 xal; 4. Ermənistan - 3 xal; 5-6. ABŞ, Çin - 2 xal; 7. Rusiya - 1 xal; 8-10. Hollandiya, Türkiyə, Misir - 0 xal