“Böyük fərəh hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycanda ilk dəfə belə bir yüksək səviyyəli beynəlxalq yarış keçirilir. 11 ölkənin nümayəndələri bu yarışda iştirak edirlər”.
Bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bu gün Şahdağda keçirilən beynəlxalq xizək alpinizmi üzrə yarışın açılış mərasimindən sonra jurnalistlərə müsahibəsində deyib.
Dağ xizəyi idmanının bu növünün 2026-cı il Qış Olimpiya Oyunlarının proqramına daxil edildiyini qeyd edən Çingiz Hüseynzadə həmçinin ölkəmizdə təşkil olunan beynəlxalq turnirdə uğurlu nəticələr qazanılacağına inandığını bildirib.
“Azərbaycan komandası bu yarışda böyük heyətlə iştirak edir. Xüsusilə qeyd etmək istəyirəm ki, komandamızın üzvlərinin əksəriyyəti yerli, əsasən də Qusardan olan idmançılardan təşkil olunub. Bu isə xizək alpinizminin həqiqətən də ölkəmizdə geniş şəkildə yayıldığını göstərir. Ümid edirəm ki, bu beynəlxalq turnir uğurla başa çatacaq və yüksək nəticələr əldə olunacaq. Xizək alpinizmi üzrə təşkil edilən beynəlxalq turnir Azərbaycanda bu idman növü üzrə keçirilən yüksək səviyyəli ilk yarışdır. Bundan sonra ölkəmizdə bu idman növü üzrə daha yüksək səviyyəli yarışlar həyata keçirə biləcəyik. Azərbaycan bir çox idman növlərində dünyada aparıcı yerlərdən birini tutur. Düzdür, qış idman növlərində nəticələrimiz hələ ki, zəifdir. Amma ümid edirəm ki, qış idman növləri üzrə də dünyada aparıcı yerləri tuta biləcəyik”, - deyə Çingiz Hüseynzadə bildirib.
Məlumat üçün bildirək ki, bu gün Beynəlxalq Xizək Alpinizm Federasiyası (ISMF), Qış idman Növləri Federasiyası və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə “Şahdağ” Beynəlxalq Xizək Alpinizmi yarışına start verilib.
Ölkəmizdə ilk dəfə təşkil olunan beynəlxalq yarışda 11 ölkənin 60-dək idmançısı iki gün ərzində birincilik uğrunda mübarizə aparacaq.