Azər Əliyev: “Azərbaycan son illərdə bir çox böyük idman tədbirlərinin ön sıralarında yer alıb”

Azər Əliyev: “Azərbaycan son illərdə bir çox böyük idman tədbirlərinin ön sıralarında yer alıb”

“Azərbaycan Milli Olimpiya Komitəsi adından Sizi gözəl Qusar bölgəsində, Şahdağda salamlayıram. Bildiyiniz kimi, Azərbaycan son illərdə bir çox böyük idman tədbirlərinin ön sıralarında yer alıb”.

Bu sözləri Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev bu gün Şahdağda keçirilən beynəlxalq xizək alpinizmi üzrə yarışın açılış mərasimindəki çıxışında deyib.

Ölkəmizin bir sıra mötəbər idman tədbirlərinə ev sahibliyi etdiyini deyən MOK-un baş katibi Azər Əliyev bu yarışın da uğurla başa çatacağına ümid etdiyini bildirib.

“2015-ci ildə tarixdə ilk dəfə olaraq I Avropa Oyunları Bakıda keçirildi. Azərbaycanda bir çox idman tədbirləri, eləcə də müxtəlif idman növləri üzrə çoxsaylı Avropa və dünya çempionatları təşkil olunub. Bu yarışın keçirilməsi də bizim üçün tarixi bir gündür. Çünki Şahdağda ilk dəfə olaraq qış idman növləri üzrə beynəlxalq səviyyəli yarış keçirilir. Xizək alpinizmi dinamik yeni idman növüdür. Ümid edirəm ki, bu yarışı Şahdağda keçirməklə bu idman növünün Azərbaycanda populyarlığını artıra bilərik. Beynəlxalq Xizək Alpinizm Federasiyasına etimad və dəstəyə, həmçinin bu tədbirə ev sahibliyi etmək imkanına görə minnətdarlığımı bildirirəm. Bütün iştirakçılara uğurlar arzulayıram”, - deyə Azər Əliyev qeyd edib.

Məlumat üçün bildirək ki, Beynəlxalq Xizək Alpinizm Federasiyası (ISMF), Qış idman Növləri Federasiyası və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Şahdağ” Beynəlxalq Xizək Alpinizmi yarışında 11 ölkənin 60-dək idmançısı iki gün ərzində birincilik uğrunda mübarizə aparacaq.

Azər Əliyev: “Azərbaycan son illərdə bir çox böyük idman tədbirlərinin ön sıralarında yer alıb” Azər Əliyev: “Azərbaycan son illərdə bir çox böyük idman tədbirlərinin ön sıralarında yer alıb” Azər Əliyev: “Azərbaycan son illərdə bir çox böyük idman tədbirlərinin ön sıralarında yer alıb”