Azərbaycanın qədim torpaqlarından biri olan Ağdam Şəhər Stadionunun tarixi XVIII əsrə dayanır. Belə ki, XVIII əsrin birinci yarısında Şuşa şəhərinin qurucusu, Qarabağ xanı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ əsas yerə çevrilib.
Qarabağ xanlarının cıdır meydanlarından biri də burada olub. Ərazisi böyük olan imarətin bir hissəsində Qarabağ xanlarının ailə məzarlığı yerləşirdi. Burada Pənahəli xanın, Mehdiqulu xanın, Sarcalı xanın, Mehrəli bəyin, Natəvanın, onun övladlarının və başqa ailə üzvlərinin qəbirləri vardır. Son araşdırmalarda təsdiq edilmişdi ki, bu məzarlığın tarixi daha qədimdir. Buradan üzərində alban yazı və işarələri olan qəbir daşları tapılıb.
Sonralar cıdır meydanın yerində Ağdamın mərkəzi stadionu inşa edilib. Stadion hamı tərəfindən “İmarət” deyə adlandırılrdı. Şəhər stadionu 1951-ci ildə istifadəyə verilib. Balans qiyməti 40 min rubl, ərazisi 1,5 hektar (uzunluğu 110 m, eni 70 m) olan təbii ot örtüklü stadionun tutumu 5 min nəfərdən ibarət olub. 1 soyunub-geyinmə otağı (60 m2 ), 1 tribunadan (25 sıra, 5 min oturacaq) ibarət olan stadionda futbol və voleybol meydançası, qaçış cığırı və atletika idman növü üçün yer mövcud idi.
Ağdam rayonunda 82 idman qurğusu, 1 Olimpiya İdman Kompleksi, 1 tribunada 1500 və daha çox yer olan stadionlar, 1 tibunada 1500-dən aşağı yer olan stadion, 1 kompleks idman qurğusu, 38 təhsil ocağının idman zalları, 27661 nəfər bədən tərbiyəsi və idmanla məşğul olan (12582 nəfər o cümlədən qadın) və 180 təşkilat fəaliyyət göstərirdi.
Müharibə zamanı milli çempionat oyunlarında “Qarabağ”ın futbolçuları bəzən ölüm təhlükəsilə üz-üzə qalasa da, məhz burada meydana çıxırdılar. Az qala hər qarşılaşma zamanı stadionun yaxınlığına “Qrad” düşürmüş. Dəfələrlə oyunlar yarımçıq qalmaq təhlükəsiylə üzləşirmiş. Buna baxmayaraq, “Qarabağ” oyunu başa çatdırmağa müvəffəq olurmuş.
Stadion 1993-cü ilinin iyun ayında Ağdam uğrunda döyüş zamanı Ermənistan silahlı qüvvələrinin artilleriyası tərəfindən iki dəfə mərmi zərbərlərinə məruz qalaraq, yarasız vəziyyətə salınıb. İmarətin əsas qapısı Kommunist küçəsi tərəfdən idi. Oraya milli ornamentlərlə “İmarət” yazılmışdı. Əsas girişə daxil olanda sol tərəfdə restoran və futbolçuların bazası görünürdü. Arxa giriş isə Füzuli küçəsindən başlayırdı. Stadionun yaxınlığında Xurşudbanu Natəvanın heykəli var idi. Stadionun direktoru erkən illərdə şair German Hüseynovun atası Əli olmuşdu. O dünyasını dəyişəndən sonra isə Asif Mustafayevi direktor təyin etmişdilər. Hər iki şəxsin stadionun mühafizəsində, onun abadlaşdırılmasında müəyyən xidmətləri var idi. Ağdam Mədəniyyət şöbəsinin təşkilatçılığı ilə Bakıdan təşrif buyuran mədəniyyət və incəsənət xadimlərinin konsertləri məhz “İmarət” stadionunda təşkil edilərdi.
Ağdam sakini Azərbaycan Respublikasının Bədən Tərbiyəsi və İdman işçisi fəxri adına layiq görülən Hacı Rüstəmov deyir: Ağdamda futbol yarandığı vaxtdan müxtəlif adlarla Azərbaycan çempionatlarında iştirak edib: “Məhsul”, “Şəfəq”, “Kooperator”. 1980-ci illərin sonlarında isə komandanın adı dəyişdirilib. O vaxtdan indiyə kimi Ağdam təmsilçisi meydana təmsil etdiyi Qarabağ bölgəsinin adı ilə çıxır. Ağdam futbolu ilk vaxtlar, 1951-ci ildən “Məhsul” idman cəmiyyətinə məxsus olan eyni adlı komanda adı altında çıxış etməyə başlayıb. Ağdamda futbol klubunu ilk dəfə biz yaratdıq . “İmarət” stadionu isə həmin vaxt “Məhsul” idman cəmiyyətinə məxsus olub. Böyük yarışları orada keçirmişdik. Həm də “İmarət” stadionu dövlət qoruğu idi, orada Xurşudbanu Natəvanın qəbri vardı. “İmarət”in ecazkar bir mənzərəsi vard idi, ora Pənah xanın gəzinti yeri olub. “Qarabağ” bu gün çox güclü komandalarla layiqli mübarizə apara bilir. Bunları gördükcə sevincimdən kövrəlirəm. Bu klubun yaşamasında zərrə qədər də əməyim olubsa, bu, mənə bəsdir. Mənə qalan “Qarabağ”ın, Ağdamın adıdır. Klubun bünövrəsini qoyanlardan biri olmuşam. Döyüşlərdə iştirak etmişəm, səngərlərdə gəzdirdiyimiz bayraq bu gün də məndədir”.
Ağdamın futbol komandası Odessa vilayəti Sadovski şəhərində uğurla iştirak edib. Ondan sonra Ağdam komandası 38 klubun kubok yarışında finala çıxaraq, ikinci yeri tutub.
Ötən əsrin 60-cı ilində yaradılan “Qarabağ” futbol komandası respublika birinciliklərində iştirak edir.
1987-ci ildən yenidən “Qarabağ” adı ilə yoluna davam edib, bu gün də Ağdam futbol məktəbinin adına yeni uğurlar yazmaqdadır. Ağdam futbol məktəbinin yetirməsi hazırda AFFA-nın Qarabağ bölgəsi üzrə koordinatoru Elburus Abbasov 1972-80-ci illərdə “Neftçi”də oynayıb. 1976-cı ildə SSRİ-nin ən məhşur hücumçusu olub. Beynəlxalq dərəcəli idman ustasıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Quzanlıda tikilən Olimpiya İdman Kompleksində sabahın idmançılarını yetişdimək üçün də böyük əmək sərf edir.
“Qarabağ” futbol klubunu bu günə qədər müxtəlif illərdə 25 baş məşqçi Nadir Xudabaxşıyev (SSRİ, 1967), Allahverdi Bağırov (SSRİ, 1976), Adil Nadirov (SSRİ, 1987-1988 ), Elbrus Abbasov (SSRİ, 1988), Rəşid Özbəyov (SSRİ, 1989), Elbrus Abbasov (SSRİ, 1990), Ağasəlim Mircavadov (SSRİ, 1991), Nazim Mehrəliyev (SSRİ, 1992), Ağasəlim Mircavadov (1993-1994), Böyükağa Ağayev (1994), Ağasəlim Mircavadov (1994, 1996), Elbrus Abbasov (1996-1997), Cavanşir Novruzov (1997, 1998), Ağasəlim Mircavadov 1998-1999), Böyükağa Ağayev (1999), Nazim Mehrəliyev (2000), Elbrus Abbasov (2000), Elşad Əhmədov (2001), Şahin Diniyev (2001-2002), Şahin Diniyev (2003-2004), İqor Ponomaryov (2004-2005), Elxan Abdullayev (2005), Böyükağa Ağayev (2006), Rasim Qara (2006-2008), Qurban Qurbanov 2008, indiyədək) çalışdırıb.
Ağdam təmsilçisi bu gün Qurban Qurbanovun rəhbərliyi altında tarixinin ən böyük uğurlarını qazanır. “Qarabağ” Azərbaycan çempionatında parlaq çıxışı ilə yanaşı, UEFA Avropa Liqasında da ölkəmizi layiqli şəkildə təmsil edir.
Dünyaya səs salan Qarabağ atları
Əfsanəvi Qarabağ atları - ölkəmizin nadir təbii sərvətlərindən biri olan atlar zaman-zaman təkcə gözəlliyi ilə deyil, vəfası sədaqəti ilə də hər kəsi heyrətə salıb. Burada yetişdirilən “Zaman” ləqəbli Qarabağ atı Sovet hökuməti tərəfindən dəyərli hədiyyə kimi İngiltərə kraliçası 2-ci Yelizavetaya göndərilib. Bu gün Almaniyada Qarabağ atını sevənlər cəmiyyəti var. Ümumiyyətlə, harada Qarabağ atı varsa o, Ağdam atçılıq fermasında, Eyvazxanbəyli kəndində yetişdirilən atlardan törəyib, çoxalan atlardır. Qarabağ atlarının gözəlliyi, cazibədarlığı haqqında bir fakt deyilir: Parisdə keçirilən sərgidən sonra Qarabağ atının rənginə valeh olan fransız qadınları saçlarını və şenyonlarını həmin atın rənginə oxşadaraq, açıq-qızıl-kürən rəngində boyadıblar və bu, sonradan dəb halını alıb.
Ağdamda futbolla yanaşı, sambo idman növü də inkişaf edib. 1984-cü ildə Ağdamda sambo məktəbi açılıb və Fərhad Ocaqverdiyev həmin məktəbin direktoru təyin olunub. Ağdam sambo məktəbi açılanadək, yəni Maarif Nazirliyinin UGİM-nin tələbələrindən Vaqif Bayramov, Akif Hüseynov, Yaqub Həsənov, Nazim Səfərov, Mübariz İbrahimov, Rafiq İsmayılov, Azər Həsənov, Oktay Nəsirov, Tofiq Bayramov, İlham Hacıyev və başqa idmançılar respublika və SSRİ miqyaslı yarışlarda mükafatalayiq yerlər tutublar.
Sambo məktəbi açıldıqdan sonra isə bu idman növü Ağdam rayonunda çox sevilməyə başladı. Yüzlərlə şagird sambo ilə məşğul olurdu. Bu isə öz bəhrəsini 1985-ci ildə verib. Həmin il sambo məktəbinin yetirmələri SSRİ miqyasında və beynəlxalq yarışlarda iştirak edirdilər.
Məktəbin ilk SSRİ birinciliyinin qalibi Ceyhun Məmmədov olub. Getdikcə məktəbdə yetişdirilən idmançıların sayı artır və göstəriciləri də yüksəlirdi. Bunlardan Mübariz İbrahimov, Nazim Səfərov, Azər Həsənov, Elşən İsmayılov, İlham Hacıyev, Elxan Tağıyevi və başqalarını nümunə göstərmək olar. Ceyhun Məmmədov ilk dəfə dünya birinciliyinin qalibi olduqdan sonra isə sambo məktəbinə gələnlərin sayı daha da artdı. Bu dövrlərdə isə Ceyhun Məmmədov Avropa, dünya çempionatlarında uğurlarını davam etdirirdi. O dövrdə həmçinin İntiqam Əzizov, Sənan Rüstəmov, Səhliman Ağayev, Bəxtiyar Hacıyev, Emin Məmmədov, Elşən İsmayılov, Mehman İsmayılov, Cabir İsmayılov, Qədir Məmmədov və başqaları da SSRİ, dünya və Avropa miqyaslı yarışlarda uğurla çıxış ediblər.
Sambo məktəbində (Ağdamın işğalına kimi) bir SSRİ Əməkdar məşqçisi, bir SSRİ Əməkdar İdman ustası, beş Beynəlxalq dərəcəli idman ustası, otuz bir SSRİ idman ustası adına layiq görülmüşdü.
Ağdamın idman qurğuları və idmançıları haqqında daha geniş məlumat almaq istəyənlər Dilqəm Quliyevin 2021-ci ildə “Elm və təhsil” nəşriyyatında 206 səhifədən ibarət çap olunmuş “Qarabağın idman tarixi” adlı kitabından istifadə edə bilərlər.
Dilqəm Quliyev