Martın 16-da cüdo üzrə uşaqlar üçün Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib. Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindənverilən məlumata görə, 250-dən çox idmançı müvafiq yaş uyğunluğuna əsasən imtahan verib. İmtahanı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib.
ACF-in idman direktoru Kamran Talıbov bildirib ki: “Bu gün Azərbaycan Cüdo Federasiyası sayca 4-cü imtahanı keçirib. Bundan öncə Bakı, Gəncə və Sabirabad şəhərlərində kəmər dərəcələri üzrə imtahanlar təşkil olunub. Bundan sonra da il ərzində müxtəlif rayon və şəhərlərdə kəmər dərəcələri üzrə imtahanların keçirilməsi planlaşdırılır. Bu gün keçirilən imtahanda ümumilikdə 250-dən çox idmançı müxtəlif kəmər dərəcələri üzrə imtahan verib
Bu imtahanın əsas məqsədi uşaqların ilkin biliklərini, texniki bacarıqlarını yoxlamaq və fənd bazalarını genişləndirməkdir. Bu fəndlər, gələcək yarış və turnirlərdə onlara çox kömək edəcək.”
Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir.
Kəmər imtahanı peşəkarlıq səviyyənin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.