Bu gün Azərbaycanda Novruz bayramı qeyd edilir. Suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanın hər yerində Novruz bayramı böyük təntənə və qələbə sevinci ilə qarşılanır. Novruz bayramı bu il xalqımız üçün xüsusilə əlamətdardır. Bu il Novruzu bütövləşmiş Azərbaycanın vətəndaşları kimi qürurla, fəxarətlə, sevinclə qeyd edirik. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə suverenliyimizin tam bərpasından sonra Novruz tonqalları Xankəndidə, Xocalıda, Əsgəranda, Xocavənddə, Ağdərədə də qalanır.
Ümummilli lider Heydər Əliyev 1998-ci ildə çıxışlarının birində demişdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik.”
Bu tarixi çıxışdan 22 il sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev ulu öndərin bu vəsiyyətini də yerinə yetirdi. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.
Sovet hakimiyyəti zamanı Novruz bayramı qeyri-rəsmi şəkildə qeyd edilib, çünki dövlət orqanları yazın gəlişinin bayram kimi qeyd edilməsinə icazə verməyiblər. Lakin qadağalara baxmayaraq, çoxəsirlik ənənələrə sadiq olan hər bir azərbaycanlı ailəsi bu bayramı qeyd edib.
Novruz günlərinə qədər dörd həftə yol gələn yaz fəsli sudan keçib, odda bişib, yelin qanadlarında özünü torpağa yetirəndə görüb ki, qarçiçəyi yerin bağrını yarıb. Novruz Bayramında papaq atmaq, qulaq falına çıxmaq, tonqaldan tullanmaq, səməni yetişdirmək, xonça bəzəmək, yumurta döyüşdürmək, qonaq getmək, şam yandırmaq, yallı getmək, novruz oyunları oynamaq kimi adətlər yerinə yetirilir.
Əsrlər boyu Novruz bayramı, Azərbaycanın digər bölgələrində olduğu kimi, Qarabağ bölgəsində də xüsusi coşğu ilə qeyd edilir. Novruza qədər çillə çıxarmaq, çərşənbələr, səməni cücərtmə, yumurta döyüşdürmə, yumurta boyama, papaqatdı, Novruz falları və s. mərasimlər bu gün də özünəməxsus şəkildə yaşadılır.
Lakin bütün bu kimi çətinliklərə baxmayaraq Azərbaycanda o cümlədən, Qarabağda milli idman növlərinin inkişafı davam etmişdir.
Azərbaycanın qədim torpağı olan Şuşa şəhərinin yaxınlığında yerləşən Cıdır düzü tarixən Novruz bayramlarının keçirildiyi məkan olub. Qarabağ tarixən dağları və atları ilə məşhur olub. Şuşadan yuxarıdan yerləşən Cıdır düzü Qarabağ xanlığında əsas şənlik yeri olub. Burada milli idman növü olan cıdır yarışları və Novruz şənliyi keçirilirdi. Bayram günlərində xalq bir yerə toplaşar, şənlik edər, müxtəlif oyunlar oynanılardı. Bu oyunlarda elin güclü, qüvvətli igidləri öz bacarıqlarını nümayiş etdirərdilər. Azərbaycanda lap qədimlərdən Novruz şənliklərində "İynə-iynə”, "Sayaçı”, "Yuğlama”, "Yel baba”, "Cütçü şumu”, "Kəvkəs”, "Kosa-kosa”, "Qaravəlli”, "Qurd oyunu”, "Aşıq oyunu”, "Dirə döymə” və s. kimi milli xalq oyunları keçirilib. Bütün bunlarla birlikdə "Kəndirbaz”, "Masqara”, "Qılınc oynatma”, "Kəmər atma”, "Qoç döyüşdürmə” tamaşaları hazırlanırdı.
Şuşa şəhərində novruz bayramı ərəfəsindəki axır çərşənbə mərasimində qız-gəlininin bəxtini sınamaq məqsədilə “Dintutma” oyunu keçirilirdi. Mahnı və məzəli oyunun müşayiəti ilə hər iştirakçı ürəyində niyyət, əlində güzgü tutaraq yoldaşları ilə birgə qonşu və ya küçə qapısına yollanır, ayağının altına açar qoyaraq qapı arxasında dururdu. İnama görə, əgər bu vaxt qapının arxasında xoş söz eşidilərsə, niyyət hasil olacaq, yaxud əksinə. Oyunun el-oba içində “Qapı pusdu”, “Qulaq aparan, “Qulaq falına çıxdı” və s. adları da var.
"Kosa-kosa", "Kəndirbaz", "Sim pəhləvan", "Masqara", "Gözübağlıca", "Cıdır" tamaşaları, qələncə oynatmaq, kəmənd atmaq, qurşaq tutmaq, daş qaldırmaq, at çapmaq və s. kütləvi əyləncəli milli oyunların bayramla əlaqədar keçirildiyi söylənilir. Sadaladığımız xalq oyunları zaman-zaman yol keçərək bu günümüzədək gəlib çatıb. Novruz bayramında həmçinin güləş yarışları təşkil edilir, meydanlarda yallılar oynanılır, kəndirbazların tamaşaları göstərilir, mahnılar oxunur və aşıqlar deyişirlər...
Şuşadan yuxarıdan yerləşən Cıdır düzü Qarabağ xanlığında əsas şənlik yeri olub. Burada milli idman növü olan cıdır yarışları və Novruz şənliyi keçirilirdi.
Qarabağda Novruz bayram günlərində meydan tamaşalarına daha çox üstünlük verilməsi, xalq oyunları çərçivəsində folklorumuzun zənginliyinin nümayiş etdirilməsidir. Novruz günlərində daha çox göstərilən meydan tamaşaları Azərbaycan peşəkar teatrının əsasını qoyub desək, daha doğru olardı. Kökləri Dədə Qorqud boylarınadək gedib çıxır ki, onlar da xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Qədim tarixə malik "Sayaçı", "Novruz", "Gəvsəç" kimi mərasimlərdə xor, rəqs və dialoqla yanaşı, dramatik süjetə, hərəkətə, bəzən isə bədii surətə də rast gəlinir.
Bu gün xalqımız sevimli Novruz bayramını yenidən işğaldan azad edilmiş bölgələrdə qürur hissi ilə qarşılayır. İşğaldan azad edilmiş tarixi torpaqlarımızda yazın gəlişi ilə bağlı bayram tonqalları qalanır.
44 günlük Vətən müharibəsindən sonra 2021-ci il martın 20-də Şuşa şəhərinin Cıdır düzündə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev xalqa müraciətində dedi: “Bilirəm, hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır... Bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik... Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik.
Mən xoşbəxt adamam ki, əziz, doğma xalqıma işğaldan azad edilmiş Qarabağdan Novruz bayramı münasibətilə təbriklərimi çatdırıram. Bu əziz gündə bir daha bütün Azərbaycan xalqını gözəl bayram münasibətilə təbrik etmək istəyirəm.
Bu gün Novruz bayramını Cıdır düzündə qeyd edərkən qürur hissi ilə deyirəm: “Şuşa sən azadsan!”, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!”
2022-ci il mart 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində bayram tonqalı alovlandırdılar. Sonra dövlət başçısı Azərbaycan xalqını təbrik edən zaman dedi:
“İkinci dəfədir ki, tarixi Zəfərimizdən sonra biz Novruz bayramını doğma Qarabağ diyarında qeyd edirik. Bilirəm, hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır. İkinci dəfədir ki, bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik. Bu gün mən Novruz tonqalını burada - Suqovuşanda qaladım, qədim Azərbaycan diyarı olan Suqovuşanda. Keçən il isə Novruz bayramını mən Şuşa şəhərində, hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etmişdim və Azərbaycan xalqına müraciət etmişdim. Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik”.
Bu il martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırdı. Sonra dövlət başçısı Azərbaycan xalqını təbrik edən zaman dedi:
Dördüncü dəfədir ki, bayram tonqalını mən azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Bu, böyük xoşbəxtlikdir. Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik və bu gün Azərbaycan ərazisində ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir.
Beləliklə, bu gün xalqımızın Novruz bayramını yenidən Oğuz elinin bir hissəsi olan Qarabağ torpağında qarşılayırıq, qarçiçəyini, novruzgülünü, xarıbülbülü Şuşanın dağlarından dəririk.
Bayramınız mübarək olsun!
Dilqəm Quliyev