Noyabrın 18-27-də Zərdab rayonunda görkəmli xadim, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin xatirəsinə həsr olunmuş ənənəvi IX Respublika şahmat turniri keçirilib.
Yarış iştirakçıları və qonaqlar turnirdən əvvəl, rayon mədəniyyət evinin qarşısında ucaldılmış Həsən bəy Zərdabinin abidəsi önünə ehtiramla çiçək dəstələri düzüblər.
Turnirdə 20-dən çox şəhər və rayonu təmsil edən 116 şahmatçı qalib adı mübarizə aparıb.
İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət olan yarışlar 5 yaş qrupu üzrə keçirilib. Turnirdə iştirak edən Şamaxı şahmatçıları ötən il olduğu kimi, bu il də fərqləniblər. Şəhər 1 saylı tam orta məktəbin şagirdi Cavanşir Məmmədov 12 yaşına qədər oğlanlar arasında çempion adına layiq görülüb. Digər Şamaxı şahmatçısı, ənənəvi turnirin ötən ilki qalibi şəhər 9 saylı tam orta məktəbin şagirdi Mənsur Sərxanov son turda uduzaraq 10 yaşına qədər oğlanlar arasında III yerlə kifayətlənib. Şamaxını təmsil edən digər şahmatçılar Mirəziz Babayev, Ramazan Məcidov və Gülməmməd Xəlillli inamla yarışsalar da, yalnız əlavə göstəricilərə görə mükafatçılardan geri qalıblar.
İlk üç yeri tutan şahmatçılara "Təhsil” Respublika İdman Mərkəzinin diplomları və mükafatları təqdim olunub.
Xüsusi fərqlənən şahmatçılar da rayon rəhbərliyi tərəfindən diplomlarla mükafatlandırılıblar.
Asif Ağayev,
Şamaxı Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru,
Əməkdar müəllim, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi