Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən Qran-pri yarışlarının yekunlarına əsasən hazırlanan siyahını komandamızın aparıcı üzvləri üçün uğurlu hesab etmək olar.Belə ki, Peter Zayzenbaherin yetirmələrindən Nicat Şıxəlizadə (66 kq) Abu-Dabi Qran-prisində qazandığı gümüş medal sayəsində 4 pillə irəliləyərək, 9-cu yerə yüksəlib. Turnirin bürünc mükafatçısı Orxan Səfərov (60 kq) 5 rəqibini arxada qoymağı bacarıb. O, bu göstərici ilə 18-ci pilləyə qalxıb. Yarışda komandamıza digər bürünc medalı qazandıran Ramin Qurbanov (90 kq) isə 68-ci yerlə kifayətlənib.Yığmamızın digər üzvü İlqar Müşkiyev (60 kq) də irəliləyənlər siyahısındadır. Təmsilçimiz 15-ci yeri 13-cü pilləyə dəyişib.
Cüdoçularımızdan Tərlan Kərimov (66 kq), Rüstəm Orucov (73 kq), Tural Səfquliyev (81 kq), Şahin Qəhrəmanov (90 kq), Elxan Məmmədov (100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) mövqelərini qoruyublar. Onlar yenə də müvafiq olaraq, 48-ci, 14-cü, 34-cü, 7-ci, 1-ci, 15- ci və 66-cıdır.
Son yarışlarda iştirak etməyən Elnur Məmmədli (81 kq) və Elmar Qasımov (100 kq) siyahıda geriləyiblər. Pekin-2008 Yay Olimpiya Oyunlarının qalibi 2 pillə geriləyərək, 53-cü olub. Elmar Qasımov isə 1 pillə geriləmə ilə 8-ci pilləyə enib.
Məlumat üçün qeyd edək ki, bu idman növündə Olimpiya oyunlarına lisenziya reytinq cədvəlinə əsasən verilir.